Bakı.Trend:
Prezident İlham Əliyevin imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən, Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək. Həmçinin sərəncamda qeyd edilir ki, Azərbaycanda ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar müəyyən ediləcək.
Sənəddə göstərilir ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında İnformasiya Texnologiyalara üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, son dövrlərdə bir çox ölkələrdə məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul olunur.
Onun sözlərinə görə, ölkəmizdə də bu məsələnin qaydalarla tənzimlənəcəyinin əksini tapması qlobal tendensiyanın bir hissəsi kimi qiymətləndirilə bilər:
“Böyük Britaniyada məktəblərə mobil telefon istifadəsini qadağan və ya ciddi məhdudlaşdırmaq tövsiyə olunub. Dərs zamanı diqqətin yayınmasının qarşısını almaq, kiberzorakılığın (cyberbullying) azalması, sosial şəbəkə asılılığının zəiflədilməsi, psixi sağlamlığın qorunması, bir çox məktəbdə telefonlar ya ümumiyyətlə qadağandır, ya da dərs vaxtı xüsusi qutularda saxlanılır.
Fransada 15 yaşadək şagirdlər üçün məktəbdə mobil telefon istifadəsi qanunla qadağandır. Yalnız tədris məqsədli xüsusi icazə ilə istifadə mümkündür.
Finlandiyada isə tam qadağa deyil, nəzarətli və məqsədli istifadə modeli tətbiq olunur. Texnologiya dərs prosesinə inteqrasiya olunur, amma sosial media istifadəsi məhdudlaşdırılır”.
B.Əliyev qeyd edib ki, bəzi araşdırmalara görə, 10-16 yaş arası uşaqlarda gündə 3-5 saat sosial media istifadəsi diqqət dağınıqlığını artırır. Yuxu rejimi pozulur. Özünəinam və bədən imici ilə bağlı problemlər yaranır. Real sosial münasibətlər zəifləyə bilir. Amma düzgün istifadə olunarsa, nəzarət olarsa, rəqəmsal bacarıqlar inkişaf edir, informasiya əldə etmə sürətlənir, onlayn təhsil imkanları artır.
Mütəxəssisin fikrincə, ölkəmizdə bu istiqamətdə daha balanslı bir üslub ola bilər. Tam qadağa deyil, amma tənzimləmə mümkündür:
“Dərs zamanı istifadənin qadağan edilməsi, fasilə vaxtı isə nəzarətli istifadə etmək ola bilər. Rəqəmsal etik davranış dərsləri, kiberhigiyena, sosial media savadlılığı, məlumat təhlükəsizliyi kimi məsələlərdə maarifləndirmənin güclənməsinə ehtiyac var. Valideyn-məktəb koordinasiyası da əhəmiyyətlidir. Məsələn, evdə ekran vaxtına nəzarət, psixoloji maarifləndirmə çox əhəmiyyətlidir”.
B.Əliyev əlavə edib ki, əsas məqsəd, uşağın diqqətini qorumaq, psixi sağlamlığı gücləndirmək, rəqəmsal asılılığı azaltmaq, tədrisin keyfiyyətini artırmaqdır.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Fərid Pərdəşünas isə Trend-ə açıqlamasında bildirib ki, qlobalda sosial şəbəkələrə giriş üçün minimum 13 yaş müəyyən olunub, lakin bu nəzarət olunmayan bir mexanizmdir.
Onun sözlərinə görə, 13 yaşından kiçik uşaqlar asanlıqla hesab yaradaraq sosial şəbəkələri aldada bilirlər. Bu isə beynəlxalq səviyyədə narazılıqların yaranmasına səbəb olub:
“Ən böyük etirazlar ötən il Avstraliyada başlanıb. Orada 16 yaşına çatmayan uşaqların sosial mediadan istifadəsi tamamilə qadağan edilib. Avstraliya sosial şəbəkələrdən tələb edib ki, 16 yaşadək bütün hesablar silinsin və qeydiyyat dayandırılsın. Eyni qayda artıq Fransada da qanunvericilik səviyyəsində tətbiq edilməyə başlayıb. Orada yaş məhdudiyyəti 15 yaşa endirilib. Eyni hal İspaniya və Portuqaliyada da qanunvericilik mərhələsindədir”.
Mütəxəssis vurğulayıb ki, hazırda azyaşlı və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə bir çox dövlətlər birbaşa nəzarət edirlər:
“Bəzi dövlətlər sosial platformalardan tələb edirlər ki, qeydiyyat prosesini şəxsiyyət vəsiqələri və süni intellekt proqramları ilə həyata keçirsinlər. Bu yeni qaydalar olduğu üçün tənzimləmə mexanizmləri hələ tədricən formalaşır”.
Öz növbəsində informasiya məsələləri üzrə ekspert Əmrah Mövsümzadə Trend-ə bildirib ki, məktəblərdə mobil telefon və elektron cihazlardan istifadəyə dair məsələlərin müəyyənləşdirilməsi çox aktual və vaxtında atılan addımdır:
"Müasir dövrdə rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, xüsusilə məktəb mühitində onların nəzarətsiz istifadəsi bir sıra risklər yaradır. Sosial şəbəkələr və oyunların nəzarətsiz istifadəsi diqqət dağınıqlığı, asılılıq, kiberbullinq, şəxsi məlumatların ifşası və psixoloji gərginlik kimi problemlərə səbəb olur. Dünyanın bir çox inkişaf etmiş ölkəsi hazırda bu istiqamətdə ciddi addımlar atır.
Məsələn, Böyük Britaniyada dərs vaxtı şagirdlərin mobil vasitələrdən istifadəsinə ciddi nəzarət edilir. Oxşar yanaşmalar Fransa və İtaliya kimi ölkələrdə də tətbiq olunur. Bu qərarların əsas səbəbi diqqət dağınıqlığını aradan qaldıraraq akademik göstəriciləri yüksəltməkdir.
Problem cihazın özü deyil, onun nəzarətsiz və məqsədsiz istifadəsidir. Düzgün tənzimləmə təhsilin keyfiyyətini artıracaq və gələcək nəsli kibertəhlükələrdən qorumağa kömək edəcək".
