Bakı.Trend:
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara yeni yayılan kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib.
ETX-dən Trend-ə verilən məlumata görə, son dövrlər dünyada naməlum şəxslərin ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəməsi halları artmaqdadır. Məqsəd isə insanların biometrik məlumatlarını ələ keçirməkdir.
Məlumata görə, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü, bəzi hallarda isə toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə edilir.
ETX beynəlxalq mühitdə müşahidə olunan bu kimi hallardan qorunmaq üçün vətəndaşlara bir sıra preventiv kibergigiyena tədbirlərinə əməl etməyi tövsiyə edib.
Qurum tanımadıqları şəxslərin mobil telefonlarına toxunmamağı, naməlum şəxslərin telefonlarında heç bir təsdiq əməliyyatı aparmamağı, kamera və ya səsli təsdiq tələb olunan hallarda ehtiyatlı davranmağı, şəxsi və biometrik məlumatları üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edib. Həmçinin yaşlı şəxslərin və azyaşlıların bu üsullar barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb.
Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara, eləcə də Elektron Təhlükəsizlik Xidmətinin [[email protected]](mailto:[email protected]) elektron poçt ünvanına və ya “1654” qaynar xəttinə məlumat verilməsi xahiş olunub.
