Bakı. Trend:
“PAŞA Bank” rəqəmsal məhsullar və ödəniş həlləri istiqamətində yüksək nailiyyətlər əldə etməkdədir.
Trend xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bankın B2B və rəqəmsal xidmət transformasiyası çərçivəsində hesab açılışı prosesinin müddəti 4-5 iş günündən 1-2 dəqiqəyə endirilib.
Cavid Quliyev bildirib ki, akvayrinq seqmentində də mühüm irəliləyişlər əldə olunub. Belə ki, terminalın təqdim edilmə müddəti 12 gündən 6 günə qədər azaldılıb. Eyni zamanda, “POS Cashout” xidməti, Dynamic Currency Conversion (DCC) və UnionPay token əsaslı POS ödəniş həlləri bazara təqdim edilib.
Qeyd olunub ki, yeni həllər və xidmət təkmilləşdirmələri nəticəsində POS müraciətləri üçün çevik onboarding müddəti 3 gündən 10 dəqiqəyə qədər qısaldılıb.
Bank rəhbəri vurğulayıb ki, təchizat zənciri maliyyələşməsi (Supply Chain Finance) istiqamətində portfel 3 dəfə artıb və bazardakı ən yaxın rəqiblərlə müqayisədə əhəmiyyətli inkişaf nümayiş etdirib.
Bundan əlavə, paylama zəncirinin maliyyələşdirilməsi (Distribution Chain Finance) üzrə müştərilərin vəsait əldə etmə müddəti (time-to-cash) 10 dəfə azaldılıb.
Cavid Quliyev qeyd edib ki, “Fast Payment” funksiyasının istifadəyə verilməsindən sonra bankın aktiv mobil istifadəçi bazası 7 300 nəfəri ötüb.
O əlavə edib ki, müştəri məmnuniyyəti indeksi (CSI) 97,5 faiz təşkil edib ki, bu da bankın xidmət keyfiyyətinin yüksək səviyyədə olduğunu göstərir.
