Bakı.Trend:
Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək sərgidə 45 ölkədən şirkətlər iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tədbir artıq 31-ci dəfə keçirilir və ötən onilliklər ərzində regional və qlobal enerji sahəsində tanınan brend kimi formalaşıb.
B.Hidayətzadə qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, Bakı Enerji Həftəsi bu il də müxtəlif ölkələrdən yüksəksəviyyəli dövlət nümayəndələrini, eləcə də qlobal enerji şirkətlərinin rəhbərlərini bir araya gətirəcək.
O bildirib ki, tədbir biznes və strateji dialoq, həmçinin beynəlxalq əməkdaşlığın inkişafı üçün platforma rolunu davam etdirəcək.
Şirkətin icraçı direktoru bildirib ki, bu il ilk dəfə olaraq Bakı Enerji Forumunun açılışı iyunun 1-də Bakı Ekspo Mərkəzində keçiriləcək, forumun növbəti sessiyaları isə Bakı Konqres Mərkəzində baş tutacaq.
Onun sözlərinə görə, sərgidə beynəlxalq və yerli təşkilatlar daxil olmaqla 45 ölkədən şirkətlər iştirak edəcək.
B.Hidayətzadə tədbirin keçirildiyi ilk ildən etibarən ona dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Energetika Nazirliyinə, həmçinin Bakı Enerji Həftəsinin baş tərəfdaşı olan SOCAR-a və tədbirin bütün sponsorlarına təşəkkürünü ifadə edib.
O həmçinin qeyd edib ki, tədbir çərçivəsində panel müzakirələri, təqdimatlar, inkişaf sessiyaları və sənədlərin imzalanma mərasimlərini əhatə edən zəngin işgüzar proqram nəzərdə tutulub.
Bundan əlavə, B.Hidayətzadənin sözlərinə görə, iyunun 1-dən 3-dək paralel olaraq keçiriləcək “TransLogistica Caspian” sərgisi də logistika və nəqliyyat sahəsində region üçün aktual məsələlərin müzakirəsi baxımından səmərəli platformaya çevrilib.
