Bakı. Trend:
NATO Ukraynaya icbari hərbi yardım planını razılaşdıra bilməyib. Böyük Britaniya və Fransa da daxil olmaqla beş ölkə plana qarşı çıxıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
NATO ölkələri alyansın baş katibi Mark Rüttenin təklif etdiyi Ukraynaya yardım planını dəstəkləməyiblər. Məlumata görə, plan NATO üzvlərinin hər il Ukraynaya yardım üçün ÜDM-in azı 0,25 faizi həcmində vəsait ayırmaq öhdəliyini nəzərdə tuturdu.
Məlumata görə, artıq Ukraynaya ÜDM-lərinin 0,25 faizindən çoxunu ayıran ən azı yeddi ölkə planı dəstəkləyib. Lakin NATO-nun ən böyük iqtisadiyyatlarına malik beş üzvü – Böyük Britaniya, İspaniya, İtaliya, Kanada və Fransa bu ideyanın məqsədəuyğun olmadığını hesab ediblər.
