Bakı. Trend:
Abşeron Milli Parkının ərazisinin genişləndirilməsi və yeni təbiət ərazilərinin mühafizəyə cəlb olunması istiqamətində işlər aparılır.
Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Abşeron Milli Parkının ərazisi su hövzəsinə yaxın sahələri, xüsusilə Xəzər dənizinin sahil hissəsini əhatə edəcək:
"Azərbaycanda 12 milli park fəaliyyət göstərir. Bir çox
qoruqlarımız və yasaqlıqlarımız var. Bu fərqli rejimli ərazilərin
idarə edilməsi çox mühüm məsələdir. Milli parklarımızın ərazisinin
artırılması daha çox insanın təbiətlə tanışlığına xidmət edir,
həmçinin xarici qonaqların da marağını artırır.
Biz müxtəlif dövlətlərin aidiyyəti nazirlikləri ilə daim təmasdayıq
və ikitərəfli görüşlər keçiririk. Onlar Göygöl kimi təbiətimizin
incilərinin adlarını və yerləşdiyi əraziləri yaxşı bilirlər.
Azərbaycanda səfirlərlə görüşlər zamanı heyvanat aləminin
növlərindən öz ölkələrində olanlarla müqayisə aparılır, bu da
turistlərin cəlb olunmasına töhfə verir. Nazirliyin məqsədi
ərazilərin sayını və ərazisinin həcmini artırmaqdır," - deyə nazir
əlavə edib.
