Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XIV Qlobal Bakı Forumunun elanına və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatına həsr olunmuş qəbul təşkil edib (FOTO)

Siyasət Materials 23 May 2026 13:27 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XIV Qlobal Bakı Forumunun elanına və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatına həsr olunmuş qəbul təşkil edib (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən XIV Qlobal Bakı Forumunun elanına və “Global Policy Analysis” (GPA) jurnalının 12-ci buraxılışının təqdimatına həsr olunmuş rəsmi qəbul keçirilib.

Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, sabiq dövlət və hökumət başçıları, diplomatlar, ekspertlər və ictimai-siyasi xadimlər iştirak ediblər. Qəbul mərasimində BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Böyük Britaniya Lordlar Palatasının üzvü və Birliyin sabiq Baş katibi Patrisiya Şotland, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Seragəldin, Kuala Lumpurun sabiq meri və UN-Habitat təşkilatının sabiq icraçı direktoru Maimunah Mohd Sharif, eləcə də UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri Benedetto Zacchiroli çıxış ediblər.

Çıxışlarda qlobal çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, dayanıqlı inkişaf, beynəlxalq idarəetmə, inklüziv şəhərsalma və qlobal liderliyin yeni yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb. XIV Qlobal Bakı Forumunun beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi rolu xüsusi vurğulanıb.

Qəbul zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə UN-Habitat arasındkı əməkdaşlıq perspektivləri ilə bağlı məlumat verilib. Bildirilib ki, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumunun (MoU) imzalanması nəzərdə tutulur.

Tədbir çərçivəsində “Global Policy Analysis” jurnalının 12-ci buraxılışı təqdim olunub. Jurnalın yeni buraxılışı “Housing the World” mövzusuna həsr olunub və burada mənzil siyasəti, şəhərsalma, dayanıqlı inkişaf, iqlim dayanıqlılığı və inklüziv urbanizasiya ilə bağlı nüfuzlu beynəlxalq ekspertlərin və siyasətçilərin məqalələri yer alıb. Buraxılışda UN-Habitat-ın icraçı direktoru Anacláudia Rossbach, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa, COP29-un Prezidenti Muxtar Babayev, Dimitris Avramopoulos, Maimunah Mohd Sharif, Benedetto Zacchiroli və digər beynəlxalq ekspertlərin məqalələri təqdim olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 2020-ci ildən etibarən nəşr olunan “Global Policy Analysis” jurnalı qlobal siyasət, beynəlxalq təhlükəsizlik, iqlim dəyişikliyi və dayanıqlı inkişaf kimi aktual məsələlərə dair beynəlxalq fikir liderlərinin baxışlarını bir araya gətirən mühüm platforma kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti