"Baku White City" və "Pasha Development" arasında Sahilyanı kvartalın inkişafına dair saziş imzalanıb (FOTO)

Cəmiyyət Materials 22 May 2026 14:11 (UTC +04:00)
"Baku White City" və "Pasha Development" arasında Sahilyanı kvartalın inkişafına dair saziş imzalanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

UN-Habitat tərəfindən Bakıda təşkil olunan “Ümumdünya Şəhərsalma Forumunun” 13-cü sessiyası çərçivəsində “Baku White City” layihəsi ilə “Pasha Development” şirkəti arasında Sahilyanı Kvartalın bir sıra obyektlərinin birgə inkişafına dair saziş imzalanıb.

Trend xəbər verir ki, sazişi "PASHA Real Estate"-in rəhbəri Özgür Geter və “Baku White City” layihəsinin icraçı direktoru Ruslan Sadıxov imzalayıblar.

Sahilyanı kvartal şimaldan 8 Noyabr prospekti, cənubdan isə Ağ Şəhər bulvarı ilə həmsərhəddir.

Dayanıqlı inkişafın kompleks yanaşması əsasında formalaşdırılan Sahilyanı kvartal keyfiyyətcə yeni şəhər mühitinə xüsusi diqqət yetirməklə yaşayış, kommersiya və ictimai məkanların balanslı vəhdətini nəzərdə tutur. Yeni iş həcmi layihənin ən diqqətçəkən və strateji əhəmiyyətli sərhədlərindən biri olan sahilboyu ərazilərdə nəqliyyat bağlantısının, hərəkət səmərəliliyinin və ictimai məkanların keyfiyyətinin artırılmasına yönəlib. Layihə həmçinin iş, istirahət və kommersiya fəaliyyəti üçün bir sıra unikal ümumşəhər obyektlərinin yaradılmasını və Bakı bulvarının on kilometr uzadılmasını nəzərdə tutur.

Saziş ictimai və kommersiya məkanlarının, iri ictimai parkinqin, şəhər tədbirləri üçün meydanın, əlamətdar yaşayış və ofis binalarının, hotellərin, konqres zalının və muzeyin inkişafı üzrə birgə fəaliyyəti nəzərdə tutur.Hazırlanan hündürmərtəbəli binalar və yeni "Marina" yaxta limanı paytaxtın tanınan sahil panoramını formalaşdıracaq və Bakı buxtasının inkişafı üçün yeni imkanlar yaradacaq.

Sahilyanı kvartalda piyadaların maksimum rahatlığı nəzərə alınmaqla metro stansiyalarının çıxışları da nəzərdə tutulub.

Sahilyanı kvartalın hazırlanmasına “Atkins”, Foster + Partners, Gensler, UNStudio, Chapman Taylor və digər aparıcı beynəlxalq konsaltinq şirkətləri və memarlıq büroları cəlb olunub.

“PASHA Development” Azərbaycan, Türkiyə, Monteneqro, Gürcüstan, Özbəkistan və ABŞ-də premium daşınmaz əmlak obyektlərinin inkişafı və idarə olunması üzrə ixtisaslaşan Azərbaycanın aparıcı şirkətidir. Şirkət layihələndirmə, tikinti, investisiya, aktivlərin idarə olunması və istismar sahələrində tam inteqrasiya olunmuş imkanlara malik olmaqla, daşınmaz əmlakın müxtəlif seqmentlərində layihələr həyata keçirir.

PASHA Real Estate

"PASHA Real Estate"in portfelinə hotel biznesi obyektləri, yaşayış, kommersiya və ticarət daşınmaz əmlakı, ticarət mərkəzləri, biznes mərkəzləri, ekspo mərkəzləri və beynəlxalq bazarlarda dayanıqlı aktivlərin və uzunmüddətli dəyərin yaradılmasına yönəlmiş çoxfunksiyalı komplekslər daxildir.

“Baku White City” bu gün müasir şəhərlərin inkişaf istiqamətini – insanların necə yaşadığına, hərəkət etdiyinə və uzunmüddətli perspektivdə bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğuna yönəlmiş yanaşmanı əks etdirir. Layihə ekoloji bərpa, infrastruktur və ictimai həyatı vahid uzunmüddətli strategiya çərçivəsində birləşdirən bütöv şəhər rayonu kimi nəzərdə tutulub. Sahilboyu ərazilərdə aparılan işlər beynəlxalq təcrübə ilə yerli baxışın uzlaşdırılması əsasında bu ərazini beynəlxalq səviyyədə tanınan məkana çevirəcək ictimai məkanın formalaşdırılmasına xidmət edir.

“Baku White City” paytaxtın şəhər mühitinin inkişafında dönüş nöqtəsini ifadə edir. Vaxtilə “Qara şəhər” kimi tanınan, neft emalı müəssisələrinin, anbar obyektlərinin və deqradasiyaya uğramış torpaqların yerləşdiyi yüzillik sənaye ərazisi bu gün Azərbaycan Prezidentinin ekoloji vəziyyətin yaxşılaşdırılması haqqında Sərəncamına uyğun olaraq həyata keçirilən genişmiqyaslı regenerasiya proqramı çərçivəsində yenidən qurulur. Güclü dayanıqlı inkişaf gündəliyinə əsaslanan layihə dünyanın ən iri çirklənmiş sənaye zonalarından birini yüksək həyat keyfiyyətinə, investisiya cəlbediciliyinə və uzunmüddətli iqtisadi imkanların yaradılmasına yönəlmiş, vahid və dəqiq planlaşdırılmış şəhər rayonuna çevirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti