Bakı.Trend:
İpək Yolunun qədim şəhərləri Mərkəzi Asiya regionunda XXI əsrin xidmət şəhərinin yaradılması üçün çoxsaylı ipucları verə bilər.
Trend xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mərkəzi Asiyanın yeni paytaxtları və yeni şəhərləri. İqlim dayanıqlığının artırılması məqsədilə su istehlakı nəzərə alınmaqla şəhərsalma və mənzil tikintisi” mövzusunda sessiya zamanı britaniyalı memar, Harry Dobbs Design Ltd şirkətinin təsisçisi və Alatau City İnkişaf Şurasının üzvü Harri Dobbs deyib.
“Həm şəhər strukturu, həm də şəhər mədəniyyəti səviyyəsində – qədim karvansara mədəniyyətindən müasir biznes rayonlarının mədəniyyətinədək – bu təcrübələrdən yararlanmaq mümkündür. İnsan dinamikası və münasibətlərinin bəzi aspektləri əslində o qədər də dəyişməyib və bunlar bizə həm mədəni baxımdan bağlı, həm də müasir bir model yaratmaq üçün ipucları verir”, – deyə o bildirib.
Dobbs qeyd edib ki, texnologiyalar bu dinamikanın bir hissəsinə çevrilə bilər.
“Bu gün urbanizasiyanın miqyası və tempi tamamilə fərqlidir və bu, ekoloji, sosial və texniki çağırışlar yaradır. Lakin eyni zamanda, artıq bu problemləri tamamilə yeni üsullarla həll etməyə imkan verən alətlərimiz də var. Burada “ağıllı” texnologiyalar kömək edə bilər. Onlar şəhərlərin səmərəliliyini və təsirini əvvəllər mümkün olmayan şəkildə anlamağa, izləməyə və idarə etməyə imkan verir. Buna görə də, xidmət şəhərinin qədim logistikasını “ağıllı” şəhər imkanları ilə birləşdirsək, sadəcə yuxarıdan aşağıya qurulan tipik "smart city" rəqəmsal infrastrukturu deyil, açıq məlumat ekosisteminə əsaslanan, sakinlərin xidmətlərin göstərilməsi və şəhərin inkişafının mərkəzində dayandığı ağıllı xidmət şəhəri əldə etmiş olarıq”, – deyə o əlavə edib.
