Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 1 milyard 516 milyon manat məbləğində investisiya yatırılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,5 faiz çoxdur.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 276 milyon manatı neft-qaz sektoru, 240 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvar-aprel aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 43,9 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 41,5 faiz azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 275 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 39,7 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 12,4 faiz azalıb. Ümumi sərmayənin 3 milyard 138,2 milyon manatı və ya 59,5 faizi məhsul istehsalı sahələrinin, 1 milyard 420,4 milyon manatı (26,9 faizi) xidmət sahələrinin, 716,4 milyon manatı (13,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 34,5 faizi dövlət, 65,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 71,3 faizini təşkil edib.
