Bakı.Trend:
Azərbaycan ilə Tacikistan arasında investisiya, ticarət və iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və sənaye, investisiya, ticarət və turizm sahələrində tədricən praktiki layihələrlə zənginləşir.
Bu barədə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “Tacinvest” dövlət unitar müəssisəsinin baş direktorunun müavini Davlat Həbibov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes-forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
O qeyd edib ki, münasibətlərin inkişafının əsasını iki ölkə arasında tarixən formalaşmış dostluq və mehriban qonşuluq əlaqələri təşkil edir.
“Ölkələrimiz hər zaman dostluq və mehriban qonşuluq münasibətlərinə malik olub. Dövlətlərin siyasəti və dövlət başçıları – Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında şəxsi dostluq biznesin inkişafı üçün möhkəm zəmin yaradıb”, – deyə Həbibov bildirib.
Onun sözlərinə görə, ölkələr arasında zəruri müqavilə-hüquq bazası formalaşdırılıb, aidiyyəti nazirlik və qurumlar isə işgüzar əlaqələrin inkişafını dəstəkləyir.
Həbibov qeyd edib ki, Tacikistan investisiyaların və texnologiyaların cəlb edilməsi sahəsində Azərbaycanın təcrübəsini fəal şəkildə öyrənir.
“Azərbaycan daxili və beynəlxalq investisiyalar, eləcə də müasir texnologiyalar cəlb etməklə uğurla inkişaf etməyin və regional, həmçinin beynəlxalq bazarlarda öz yerini tutmağın mümkün olduğunu nümayiş etdirib”, – deyə o bildirib.
O əlavə edib ki, Tacikistan investisiyaların cəlb olunması üçün perspektivli sahələri müəyyənləşdirir və bu prosesə Azərbaycan şirkətlərini də cəlb etmək niyyətindədir.
“Biz Tacikistan Respublikası ərazisində birgə layihələrin həyata keçirilməsi üçün Azərbaycan tərəfinin investisiyalarını, texnologiyalarını və biliklərini cəlb etməkdə maraqlıyıq”, – deyə Həbibov vurğulayıb.
Onun sözlərinə görə, Tacikistan şirkətləri də beynəlxalq iştirak coğrafiyasını genişləndirmək və Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Həbibov mövcud əməkdaşlıq nümunələri kimi Tacikistanda şüşə-plastik boruların istehsalı üzrə birgə müəssisəni, həmçinin quru meyvə və qənnadı məhsullarının Azərbaycana tədarükünü göstərib.
O həmçinin vurğulayıb ki, əməkdaşlıq turizm və humanitar əlaqələr sahəsində də inkişaf edir. Bu çərçivədə Tacikistandan Azərbaycana, eləcə də Azərbaycan üzərindən digər ölkələrə tranzit turist səfərlərinin sayı artır.
