Bakı. Trend:
Mənzilin əlçatanlığının artırılması üçün dayanıqlı tədbirlərə ehtiyac var.
Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış"da (Baku Call to Action) qeyd olunub.
“Torpaq qiymətlərinin artması, daşınmaz əmlak spekulyasiyası, qısamüddətli icarə, əmək bazarındakı qeyri-sabitlik, mənzil təklifinin məhdudluğu və maliyyələşməyə qeyri-bərabər çıxış səbəbindən mənzil getdikcə daha əlçatmaz olur ki, bu da bir çox ev təsərrüfatını evsizlik və yaşayış üçün yararsız mənzil şəraiti ilə üz-üzə qoyur. Biz mənzilin əlçatanlığının artırılması üçün dayanıqlı tədbirlərə çağırırıq. Buraya kirayə və sosial mənzilə çıxışın genişləndirilməsi, inklüziv zonalaşdırmanın inkişafı, subsidiyaların və xərclərin azaldılması strategiyalarının gücləndirilməsi, spekulyativ təcrübələrin tənzimlənməsi, daşınmaz əmlakın vergitutma sistemlərinin təkmilləşdirilməsi və bütün gəlir səviyyələri üçün maliyyələşməyə çıxışın genişləndirilməsi daxildir. Biz parlamentariləri və milli hökumətləri dövlət mənzil proqramları, inkişaf maliyyələşdirmə institutları (DFI), özəl sektor və fərdi tikinti təşəbbüsləri vasitəsilə tikintinin artırılmasına dəstək verməklə yanaşı, mənzilin əlçatanlığını qoruyan qanunvericilik tədbirlərini tətbiq etməyə çağırırıq”, - sənəddə qeyd olunur.
Sənəddə vurğulanır ki, mənzil çox vaxt infrastruktur, əsas xidmətlər və iqtisadi imkanlardan ayrı şəkildə nəzərdən keçirilir, şəhərlərin nəzarətsiz genişlənməsi, məkan seqreqasiyası və torpaq istifadəsinin zəif əlaqələndirilmiş planlaşdırılması isə aşağı gəlirli ev təsərrüfatlarını iş yerlərindən, xidmətlərdən və imkanlardan uzaq olan periferik və təcrid olunmuş ərazilərə sıxışdırır.
“Biz mənzili nəqliyyat, xidmətlər, dolanışıq mənbələri, təbii və mədəni irslə əlaqələndirən, eyni zamanda qarışıq, inklüziv və yaxşı təmin olunmuş nəsillərarası məhəllələrin inkişafını təşviq edən gender həssas inteqrə olunmuş və participativ məkan planlaşdırılması yanaşmalarına çağırırıq. Biz peşəkarları, akademik ictimaiyyəti və tədqiqat institutlarını dövlət və vətəndaş cəmiyyəti ilə birlikdə inteqrə olunmuş şəhərsalma və mənzili, iqtisadi imkanları və nəqliyyatı əhatə edən hədəfli subsidiyalara yönəlmiş ortaq baxış formalaşdırmağa çağırırıq”, - WUF13-ün yekun sənədində bildirilir.
Bundan əlavə, sənəddə vurğulanır ki, məhəllələr yalnız fiziki quruluş və yerləşmə məkanı deyil; onlar insan potensialının, rifahın və icmaya mənsubiyyət hissinin inkişafına imkan verən qayğı, sosial qarşılıqlı əlaqə, mədəniyyət, təhlükəsizlik və kollektiv həyat məkanlarıdır.
“Biz gender bərabərliyini, müxtəlifliyi, cinsi orientasiyanı tanıyan və gender zorakılığına qarşı mübarizə, ictimai və ümumi istifadəli məkanların gücləndirilməsi, universal və inklüziv mənzil dizaynının təşviqi vasitəsilə əlçatanlığı, yaxınlığı, təhlükəsizliyi, rifahı və sosial inklüzivliyi dəstəkləyən mənzil siyasəti yanaşmalarına çağırırıq. Biz hökumətləri, peşəkar təşkilatları və vətəndaş cəmiyyətini sosial həmrəyliyi gücləndirən, seqreqasiyanı azaldan və hamı üçün təhlükəsizliyi, sağlamlığı və ləyaqəti yaxşılaşdıran inklüziv və çoxfunksiyalı məhəllələrin formalaşmasına töhfə verən aydın rəhbər prinsiplər hazırlamağa çağırırıq”, - sənəddə qeyd edilir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr
olunub.
Forum çərçivəsində 579 sessiya keçirilib,” Urban Expo” sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin nümayəndələrini bir araya gətirib.
Forumun əsas yekunlarından biri “Bakı Fəaliyyətə Çağırışı” sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub. Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli idarəetmənin, investisiyaların və icmaların iştirakının gücləndirilməsinə çağırış edilir.
