Bakını dayanıqlı şəhərlər qurmaq istiqamətində birlikdə çalışmağa dair qətiyyətlə tərk edirik - BMT Baş katibinin müavini

İqtisadiyyat Materials 22 May 2026 13:46 (UTC +04:00)
Bakını dayanıqlı şəhərlər qurmaq istiqamətində birlikdə çalışmağa dair qətiyyətlə tərk edirik - BMT Baş katibinin müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bütövlükdə BMT ailəsi adekvat mənzil təminatı və dayanıqlı şəhər inkişafı istiqamətində daha əlaqələndirilmiş və vahid yanaşmanın gücləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcək.

Trend xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri yalnız ölkələrimizdə və icmalarımızda icra olunduğu halda qlobal səviyyədə reallaşa bilər:

“Məhz buna görə də bu forum çərçivəsində aparılan müzakirələr və formalaşan öhdəliklər DİM-lərin icrası üçün həyati əhəmiyyət daşıyır. Bunlar cəmiyyət boyunca ehtiyac duyduğumuz transformasiyanın əsaslarını yaradır və forumdan sonra davam etdirməli olduğumuz işi müəyyənləşdirir.

Bu isə o deməkdir ki, biz cəmiyyətin bütün üzvləri ilə, xüsusilə də bu transformasiyalara rəhbərlik edəcək yerli və regional hakimiyyət orqanları ilə əməkdaşlığı daha da gücləndirməliyik. Bu proses insanların real həyat təcrübələrinə əsaslanmalı və mənzil məsələsi dayanıqlı inkişafın əsas şərtlərindən biri kimi qəbul edilməlidir”.

O vurğuıayıb ki, şəhərlər hər kəs üçün işləməlidir — xüsusilə uşaqlar, qadınlar, gənclər, əlilliyi olan şəxslər, yaşlı insanlar, miqrantlar, məcburi köçkünlər və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanlar üçün:

“Yerli səviyyədə həyata keçirilən adaptasiya tədbirləri əsas prioritetlərdən biri olmalıdır.

Yeni Şəhər Gündəliyinin qəbulundan sonra mühüm irəliləyişlər əldə olunub, lakin hələ görüləcək çox iş var. Bu forum çərçivəsində nümayiş etdirilən enerji, tərəfdaşlıqlar və həll yolları bizə gələcəyə ümidlə baxmağa əsas verir.

Bakının fəaliyyətə çağırışı aydındır: dayanıqlı urbanizasiya etimadın bərpası, Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi və çoxtərəfliliyin yenilənməsi üçün ən güclü vasitələrdən biridir.

Biz Bakını inklüziv, dayanıqlı, davamlı və insan ləyaqətini əsas götürən icmalar və şəhərlər qurmaq istiqamətində birlikdə çalışmağa dair yenilənmiş qətiyyətlə tərk edirik. Artıq dünyanı mənzillə təmin etməyin və hər bir insana ləyaqətli həyat verməyin vaxtıdır”.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) sonuncu günü keçirilir.

Forumun yekun gününün proqramı yerli xalqların və qadınların şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla başlayacaq.

Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi mərasimi təşkil ediləcək.

Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq, süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinə qoşulduğu elan olunub.

Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, Mexico City pavilyonunun açılışı baş tutub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-də yekunlaşır. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti