Bakı. Trend:
İnkişafdan sosial ədalət olmadan danışmaq mümkün deyil. Sosial ədalət resurslardan daha bərabər istifadəni təmin edən, cəmiyyətin imkanlı və az təminatlı təbəqələri arasındakı dərin uçurumu azaltmağa yönəlmiş dövlət siyasətləri deməkdir.
Trend xəbər verir ki, bunu Meksika Xarici İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Təşkilatları ilə Əlaqələr üzrə Baş direktoru Mariana Posada Lombana Bakıda WUF13 çərçivəsində keçirilən “Yerli xalqların hüquqları" üzrə dəyirmi masada deyib.
O bildirib ki, Meksika çoxmədəniyyətli ölkədir və burada yerli
xalqlar, metislər və digər etnik qruplar birgə yaşayırlar.
“Yerli xalqlar haqqında vahid və homogen bir qrup kimi danışmaq
mümkün deyil. Onlar fərqli etnik mənsubiyyətlərə, dillərə, yaşayış
məkanlarına və özünəməxsus adət-ənənələrə malikdirlər. Buna görə də
bütün icmalar üçün eyni siyasətin tətbiqi mümkün deyil. Hər bir
etnik qrupun xüsusiyyətləri nəzərə alınmalıdır”, – deyə o
vurğulayıb.
Mariana Posada Lombananın sözlərinə görə, Meksikada özünü yerli xalq nümayəndəsi kimi tanıdan insanların sayı ölkə əhalisinin təxminən 15 faizini təşkil edir. Bununla yanaşı, təxminən 3,1 milyon nəfər özünü afro-meksikalı və ya Afrika mənşəli icmaların nümayəndəsi hesab edir ki, bu da əhalinin 2,4 faizinə bərabərdir.
O qeyd edib ki, yerli xalqların hüquqlarının qorunması dövlət
siyasətinin ən yüksək səviyyəsində təsbit olunmalıdır.
“Meksika Konstitusiyası yerli xalqların və afro-meksikalı icmaların
muxtariyyət, öz müqəddəratını təyin etmə, ənənəvi hüquq
normalarından istifadə, torpaq mülkiyyəti, eləcə də təbii
resurslardan yararlanmaq hüquqlarını tanıyır”, – deyə o
bildirib.
Baş direktor vurğulayıb ki, yerli xalqların problemlərinin həlli
üçün xüsusi dövlət institutlarının yaradılması da vacibdir. Onun
sözlərinə görə, Meksikada bu istiqamətdə fəaliyyət göstərən
qurumlar yerli xalqların hüquqlarının həyata keçirilməsi, onların
davamlı inkişafının təmin olunması və mədəni kimliklərinin
qorunması ilə məşğuldur.
Mariana Posada Lombana əlavə edib ki, yerli xalqların hüquqları
yalnız ayrıca mövzu kimi deyil, gender bərabərliyi, qadınların
hüquqları, uşaqlar, gənclər, yaşlılar və əlilliyi olan şəxslərlə
bağlı bütün dövlət proqramlarının ayrılmaz hissəsi kimi nəzərə
alınmalıdır.
“Yerli xalqlar dövlət siyasətlərinin bütün istiqamətlərində təmsil olunmalı və heç bir sahədə diqqətdən kənarda qalmamalıdırlar”, – deyə o fikrini yekunlaşdırıb.
