Qlobal mənzil siyasətləri konkret büdcə və tədbirlərlə dəstəklənməlidir - UN-Habitatın sabiq direktoru

İqtisadiyyat Materials 21 May 2026 14:11 (UTC +04:00)
Qlobal mənzil siyasətləri konkret büdcə və tədbirlərlə dəstəklənməlidir - UN-Habitatın sabiq direktoru
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal mənzil siyasətləri konkret büdcə və tədbirlərlə dəstəklənməlidir.

Trend xəbər verir ki, bunu Kuala Lumpurun sabiq meri, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maimunah Mohd Şərif Bakıda WUF13 çərçivəsində keçirilən "Çoxtərəflilik vasitəsilə mənzil siyasətinin inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru" mövzusunda çıxışında deyib.

O bildirib ki, qlobal öhdəliklərin və beynəlxalq gündəliyin yerli səviyyədə, təkcə şəhərlərdə deyil, kəndlərdə də həyata keçirilməsi üçün şaquli və üfüqi inteqrasiya vacibdir. Şaquli inteqrasiya beynəlxalq səviyyədən yerli səviyyəyə qədər siyasətlərin uyğunlaşdırılmasını, üfüqi inteqrasiya isə icmaların, özəl sektorun və vətəndaşların qərarların qəbulunda iştirakını nəzərdə tutur.

M.Şərif qeyd edib ki, Malayziyada Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi (SDG11) və Yeni Şəhər Gündəliyi əvvəlcə ölkənin beşillik inkişaf planına daxil edilir, daha sonra ştatların planlaşdırma siyasətlərinə və yerli idarəetmə orqanlarının fəaliyyətinə inteqrasiya olunur.

"Strategiyaların və siyasətlərin qəbul edilməsi kifayət deyil. Onların icrası üçün konkret büdcə ayrılmalıdır. Məsələn, Kuala Lumpur Şəhər Administrasiyasının 2026-cı il büdcəsində əlçatan mənzil layihələri üçün 300 milyon Malayziya rinqiti, kiçik sahibkarların və ticarətçilərin dəstəklənməsi üçün isə 200 milyon rinqit vəsait nəzərdə tutulmuşdu. Siyasətlərin real nəticə verməsi üçün onların praktik tədbirlərə çevrilməsi vacibdir. Əks halda, bu sənədlər sadəcə kağız üzərində qalacaq", - deyə o vurğulayıb.

Sabiq icraçı direktorun sözlərinə görə, mənzil siyasətlərinin milli və şəhər səviyyəsində həyata keçirilməsi üçün əlverişli normativ baza formalaşdırılmalı, investorların və maliyyə institutlarının bu sahəyə marağını artıran mexanizmlər yaradılmalıdır.

O, dövlət, özəl sektor və vətəndaşların əməkdaşlığına əsaslanan "4P" prinsipinin əhəmiyyətini də qeyd edib:

"Biz yalnız dövlət-özəl tərəfdaşlığı ilə kifayətlənməməliyik. Dövlət, özəl sektor və insanların iştirakını özündə birləşdirən tərəfdaşlıq modeli qurulmalıdır. Yerli icmaların proseslərə cəlb edilməsi uğurun əsas şərtlərindən biridir".

M.Şərif əlavə edib ki, əlçatan mənzil sahəsində ixtisaslaşmış qurumların fəaliyyəti, güclü liderlik, peşəkar kadr potensialı və şəffaf idarəetmə şəhər inkişafının əsas dayaqlarıdır.

O, həmçinin gələcək Ümumdünya Şəhərsalma Forumlarında uğurlu şəhər təcrübələrinin daha geniş şəkildə təqdim olunmasının vacibliyini vurğulayıb.

"Biz eyni problemlərin həlli üçün hər dəfə yeni model yaratmağa çalışmamalıyıq. Uğurlu təcrübələri paylaşmalı, onları öyrənməli və şəhərlərimizin xüsusiyyətlərinə uyğun şəkildə tətbiq etməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti