Adekvat mənzil siyasəti yerli xalqların iştirakı ilə hazırlanmalıdır - "UN-Habitat" rəsmisi

Cəmiyyət Materials 22 May 2026 10:40 (UTC +04:00)
Adekvat mənzil siyasəti yerli xalqların iştirakı ilə hazırlanmalıdır - "UN-Habitat" rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli xalqlar üçün adekvat mənzil hüququ torpaq, mədəniyyət və ənənəvi biliklərdən ayrı şəkildə nəzərdən keçirilə bilməz.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kanadadakı Ofisinin rəhbəri Omar Siddique Bakıda WUF13 çərçivəsində keçirilən “Yerli xalqların hüquqları” üzrə dəyirmi masada deyib.

O bildirib ki, yerli xalqların mənzil hüquqlarının pozulması təkcə fərdi insan hüquqlarının məhdudlaşdırılması deyil, həm də kollektiv hüquqlara, ənənələrə, həyat tərzinə və icma dəyərlərinə zərbə vurur.

“Yerli xalqların adekvat mənzilə çıxış sahəsində üzləşdikləri problemlərin kökündə tarixi ədalətsizliklər, müstəmləkəçilik siyasəti və onların torpaq və ərazilərindən sistemli şəkildə məhrum edilməsi dayanır”, – deyə o vurğulayıb.

Omar Siddique qeyd edib ki, bu problemlərin nəticələri dünyanın müxtəlif ölkələrində açıq şəkildə müşahidə olunur.

“Yerli xalqlar arasında evsizlik hallarının yüksək olması, məcburi köçürülmələr, torpaq zəbt edilməsi və yenidən məskunlaşdırma prosesləri bunun ən bariz nümunələridir. İqlim hadisələri, münaqişələr, müxtəlif inkişaf layihələri və ya yerli xalqların torpaq hüquqlarının tanınmaması səbəbindən baş verən köçürülmələr onların kimliyini və mədəniyyətini yaşadan torpaqlardan uzaq düşməsinə səbəb olur”, – deyə o bildirib.

UN-Habitat nümayəndəsinin sözlərinə görə, bu məsələlərin həlli hüquqlara əsaslanan və yerli xalqları qərar qəbuletmə prosesinin mərkəzinə yerləşdirən kompleks yanaşma tələb edir.

“BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsində də əks olunduğu kimi, adekvat mənzil siyasəti yerli xalqların iştirakı ilə hazırlanmalıdır. Mənzil həlləri həmin insanların ehtiyaclarına, gözləntilərinə və gündəlik həyat təcrübələrinə uyğun şəkildə formalaşdırılmalıdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, mənzil hüquqlarının təmin olunması heç kimin və heç bir məkanın diqqətdən kənarda qalmadığı inklüziv yanaşma tələb edir.

UN-Habitat nümayəndəsi qeyd edib ki, dəyirmi masada Latın Amerikası, Afrika və Asiyadan olan çoxsaylı yerli xalq liderlərinin iştirakı təcrübə mübadiləsi, tövsiyələrin hazırlanması və ən yaxşı praktikaların paylaşılması üçün mühüm imkan yaradır.

Omar Siddique əlavə edib ki, müzakirələrin nəticələri WUF13 çərçivəsində hazırlanacaq Bakı Fəaliyyət Çağırışına (Baku Call to Action), eləcə də Yeni Şəhər Gündəliyinin aralıq icmalına dair proseslərə töhfə verəcək.

“Yerli xalqların adekvat mənzil hüququ UN-Habitat-ın qlobal səviyyədə fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq. Bu məsələ Bakı Fəaliyyət Çağırışından başlayaraq Yeni Şəhər Gündəliyinin icmalına və sonrakı təşəbbüslərə qədər diqqət mərkəzində saxlanılacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı məsələlərinə dair müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

WUF13-ün ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığı mövzularına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Həmçinin WUF13 çərçivəsində Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm platforma kimi təqdim olunan Mexiko şəhərinin pavilyonunun açılışı olub.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzularda müzakirələr aparılıb.

Üçüncü günün ən diqqətçəkən hadisələrindən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumu imzalanması olub.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə olaraq “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıq və qərarqəbuletmə” (WUF13 NGO Forum) keçirilib.

Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dəyişikliklərinə davamlılıq, şəhər idarəçiliyində süni intellektin tətbiqi, “yaşıl” urbanizasiya və sosial bərabərlik məsələlərinin müzakirəsi davam etdirilib.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan WUF13 forumu dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forumda iştirak üçün dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti