Bakı.Trend:
Mayın 21-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Dövlət sektoru üzrə baş mütəxəssisi xanım Fabienne Mroczkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin – SECO-nun birgə dəstəklədiyi “Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramı”nın icrası, proqramın yekun nəticələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında dövlət maliyyəsinin idarə olunması sahəsində formalaşmış uzunmüddətli və səmərəli əməkdaşlığın fiskal intizamın gücləndirilməsi, strateji büdcə planlaşdırılması və nəticəyönlü idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, həyata keçirilən proqram çərçivəsində ölkədə ortamüddətli fiskal çərçivənin möhkəmləndirilməsi, strateji büdcə təcrübələrinin təkmilləşdirilməsi və proqram əsaslı büdcə yanaşmasına keçidin sürətləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilib.
Görüşdə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və rəqəmsal transformasiya istiqamətində Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində görülən işlər də diqqət mərkəzində olub. Bu çərçivədə dövlət maliyyəsinin idarə olunması üzrə rəqəmsal ekosistemin təhlili, modernləşdirilməsi və müasir informasiya sistemlərinin tətbiqi istiqamətində həyata keçirilən əsas tədbirlər qeyd olunub.
Öz növbəsində, xanım Fabienne Mroczka Dünya Bankı ilə Azərbaycan
arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, həyata
keçirilən islahatların dövlət maliyyə idarəetmə sisteminin
müasirləşdirilməsi, nəticəəsaslı büdcə mexanizmlərinin
genişləndirilməsi və institusional potensialın gücləndirilməsi
baxımından mühüm rol oynadığını bildirib.
Görüş zamanı, həmçinin səhiyyə, gənclər və idman, mədəniyyət və
media sektorlarında proqram və nəticəəsaslı büdcə mexanizmlərinin
tətbiqi, aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün növbəti
təlimlərin təşkili və həmin sahələrin proqram əsaslı büdcəyə keçid
prosesi nəzərdən keçirilib. Bununla yanaşı, proqram və nəticəəsaslı
büdcə proseslərinin daha da institusionallaşdırılması, monitorinq
və qiymətləndirmə sistemlərinin gücləndirilməsi, fiskal risklərin
idarə olunması, rəqəmsal transformasiya və analitik proqnozlaşdırma
imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
