Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə cari ilin 4 ayında artım tempi yüksəlib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Sektorda yaradılan əlavə dəyərin həcmi 2 milyard 893 milyon 200 min manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5% və ya 240 milyon 900 min manat çoxdur.
Nəticədə, nəqliyyat və anbar sektorunun ÜDM-də payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.5 faiz bəndi artaraq 7,3%, qeyri-neft/qaz ÜDM-də payı isə 10,4% təşkil edib.
Eyni dövr ərzində sektorun gəlirləri real ifadədə 4,6% artaraq 4 milyard 748 milyon 600 min manat olmuşdur.
Qeydə alınan müsbət dinamika ölkədə yol-nəqliyyat infrastrukturunun modernləşdirilməsi və şəhər mobilliyinin inkişafı istiqamətində həyata keçirilən layihələrin, eləcə də sektora yönəldilən investisiyaların real nəticələr verdiyini göstərir. Eyni zamanda, Azərbaycanın regionda rəqabətədavamlı logistika mərkəzi kimi mövqeyini gücləndirdiyini və tranzit potensialını uğurla realizə etdiyini nümayiş etdirir.
