Bakı. Trend:
Türkiyə olaraq biz mənzil məsələsinə uzun illərdir sosial dövlət anlayışı, planlı şəhərsalma, fəlakətlərə dayanıqlı tikinti və insan mərkəzli inkişaf yanaşması ilə yanaşırıq. Bizim üçün mənzil tikmək sadəcə bina inşa etmək deyil, təhlükəsiz evlər yaratmaq, məhəllələr formalaşdırmaq və vətəndaşları rahat və dayanıqlı yaşayış mühitinə qovuşdurmaqdır.
Trend xəbər verir ki, bunu Türkiyə Parlamentinin üzvü Adil Karaismailoğlu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.
O bildirib ki, dövlətin həyata keçirdiyi mənzil layihələri sayəsində vətəndaşlar məscidləri, parkları, gəzinti yolları və sosial infrastruktur obyektləri olan müasir yaşayış məkanlarına sahib olurlar:
“Bu təcrübə göstərir ki, sosial mənzil siyasəti düzgün tətbiq edildikdə milyonlarla insanın həyatına birbaşa təsir edən güclü inkişaf alətinə çevrilir. Birincisi, mənzil məsələsi konstitusion və ictimai sosial məsuliyyət sahəsi kimi qəbul edilməlidir. Türkiyə Respublikasının Konstitusiyası dövlətə şəhərlərin xüsusiyyətlərini və ətraf mühiti nəzərə alan planlama çərçivəsində mənzil ehtiyacını qarşılamaq və sosial mənzil təşəbbüslərini dəstəkləmək öhdəliyi verir. Həmçinin, aşağı gəlirli qruplara üstünlük verilməlidir. Bu yanaşma göstərir ki, mənzil siyasəti eyni zamanda ədalət siyasətidir. Bununla yanaşı, əlçatan maliyyələşmə modelləri hazırlanmalıdır. Mənzil hüququnun reallaşması vətəndaşların ödəmə qabiliyyətinə uyğun modellərlə mümkündür. Türkiyədə sosial mənzil layihələrində dövlət zəmanəti ilə uzunmüddətli və aşağı faizli ödəniş imkanları təqdim olunur”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
