Bakı. Trend:
Yaşıl sahələrin niyə vacib olduğunu, dayanıqlı şəhər planlaşdırmasının niyə əhəmiyyət daşıdığını, sosial inklüzivliyin şəhər inkişafının niyə bir hissəsi olmalı olduğunu və icmaların qərarvermə prosesinə niyə cəlb edilməli olduğunu izah etmək lazımdır.
Trend xəbər verir ki, bunu “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev WUF13 çərçivəsində keçirilən “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi” mövzusunda tədbirdə deyib.
A.Mirzəyev bildirib ki, bu gün sosial media kommunikasiya prosesini daha da sürətli və güclü edib. Qısa bir video, sənədli film, həttaa bir təsirli foto belə beynəlxalq səviyyədə geniş müzakirəyə səbəb ola bilir.
Onun sözlərinə görə, medianın üzərinə məsuliyyət düşür. Məlumatlar düzgün, balanslı və etik olmalıdır, çünki ictimai etimad çox vacibdir.
“Regionumuzda kommunikasiya və hekayəçilik insanların yenidənqurma, şəhər transformasiyası və icma inkişafını daha yaxşı anlamasına kömək etdiyini aydın şəkildə görürük.
Məsələn, sənədli filmlər və vizual hekayəçilik yalnız fiziki yenidənqurmanı deyil, həm də insan tərəfini — ailələrin qayıdışını, icmaların bərpasını və ümidin yenidən dirçəlməsini göstərir”.
Onun fikrincə, media peşəkarları, şəhər planlaşdırıcıları, dövlət qurumları, QHT-lər və yerli icmalar arasında əməkdaşlıq çox vacibdir. Çünki güclü kommunikasiya daha güclü ictimai məlumatlılıq yaradır.
“Güclü ictimai məlumatlılıq isə daha güclü şəhərlərin formalaşmasına kömək edir.
Nəticə olaraq bunu demək istəyirəm: şəhərlər beton və poladdan tikilir, amma dayanıqlı cəmiyyətlər etimad, dialoq və ortaq anlayış üzərində qurulur. Və bu anlayışın formalaşmasında media əsas rol oynayır”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
