Bakı. Trend:
Azərbaycanda şəhər məkanları idman vasitəsilə aktiv ictimai zonalara çevrilir.
Trend xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərlərdə idmanın inteqrasiyası” mövzusunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bir çox hallarda şəhərlərdə artıq kifayət qədər məkan, idman institutlarında isə lazımi təcrübə mövcuddur. Onun sözlərinə görə, əsas problem resurs çatışmazlığı deyil, mövcud imkanların düzgün koordinasiya edilməməsidir.
Anar Bağırov bildirib ki, bu əməkdaşlığın gücləndirilməsi üçün üç əsas praktik istiqamət üzərində işlənilir: "Birinci istiqamət idmanın inkişafının təkmilləşdirilməsi ilə bağlıdır.
Şəhər parkları, sahil zonaları və məktəb həyətləri yalnız passiv yaşıllıq sahələri kimi deyil, aktiv ictimai məkanlar kimi istifadə olunmalıdır. Bu planlama prosesində şəhər rəsmiləri idman mütəxəssisləri ilə məsləhətləşməli, idman infrastrukturunun düzgün və effektiv şəkildə qurulmasını təmin etməlidirlər".
Lakin o əlavə edib ki, yalnız infrastruktur kifayət deyil və bu məkanlar aktivləşdirilməlidir: "Bu mərhələdə Milli Olimpiya Komitələri və idman federasiyaları mühüm rol oynayır. Onların təşəbbüsləri ilə Olimpiya Günü tədbirləri, kütləvi idman yarışları və gənclər üçün açıq məşqlər təşkil olunur".
O qeyd edib ki, şəhərlər infrastruktur və çıxış imkanlarını təmin edir, idman qurumları isə məzmun, məşqçi heyəti və ictimai cəlbediciliyi formalaşdırır, özəl sektor isə bu prosesin genişləndirilməsinə dəstək verir: "Azərbaycanda da ictimai məkanlardan Olimpiya Günü və icma idman tədbirləri vasitəsilə aktiv şəkildə istifadə olunur və hər il minlərlə gənc bu prosesə cəlb edilir. Eyni zamanda, Olimpiya Həmrəyliyi proqramları çərçivəsində gənc idmançılar və məşqçilər üçün təhsil və inkişaf layihələri həyata keçirilir ki, bu da təşəbbüslərin davamlılığını təmin edir".
A. Bağırov çıxışının sonunda vurğulayıb ki, şəhərlər və idman institutları paralel deyil, birgə işləməyə başladıqda idman yalnız tədbir deyil, şəhər həyatının gündəlik bir hissəsinə çevrilir.
