Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın şəhər inkişafı, “ağıllı şəhərlər” və “ağıllı kəndlər” kimi mühüm sahələrdə liderlik rolunu öz üzərinə götürdüyü anlamına gəlir.
Bunu WUF13 çərçivəsində Pakistanın Pəncab əyalətinin Ravi Şəhər İnkişafı İdarəsi və Mərkəzi Biznes Rayonu İdarəsinin baş əməliyyat direktoru Mansur Əhməd Cancua Trend-ə deyib.
“Bakıda belə möhtəşəm forumun keçirilməsinə görə çox təşəkkür edirəm. Azərbaycan və Pakistan əslində eyni bədənin iki qolu kimidir. Ölkələrimiz çox yaxındır. Tarixən Pakistan və Azərbaycan hər zaman bir-birini dəstəkləyib — istər ərazi məsələlərində, istərsə də beynəlxalq platformalarda mövqelər baxımından. Azərbaycan və Pakistan arasında əməkdaşlığı nümunəvi adlandırmaq olar”,- deyə o bildirib.
Cancuanın sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq gələcəkdə də möhkəmlənəcək.
“Ümid edirəm ki, yaxın illərdə və gələcək nəsillər üçün bu əməkdaşlıq davam edəcək. Müdafiə, şəhərsalma, iqtisadiyyat, infrastrukturun birgə inkişafı sahələrində və həmçinin Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əsas məsələlər üzrə əməkdaşlığımız münasibətlərimizi daha da gücləndirir”, - o qeyd edib.
Onun sözlərinə görə, Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində artan rolunu nümayiş etdirir.
“Ümumdünya Şəhərsalma Forumu hökumət tərəfindən həyata keçirilmiş möhtəşəm bir təşəbbüsdür. Forumun Bakıda keçirilməsi Azərbaycanın şəhər inkişafı, ‘ağıllı şəhərlər’ və ‘ağıllı kəndlər’ kimi mühüm sahələrdə liderlik rolunu üzərinə götürdüyünü göstərir — bu istiqamətlər artıq hökumət tərəfindən fəal şəkildə inkişaf etdirilir. Bu, həm gözəl təşəbbüsdür, həm də zamanın tələbidir”, — o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
