Bakı. Trend:
Sülh və inkişaf dayanıqlı insan inkişafı deməkdir. Azərbaycanın çoxtərəfliliyin inkişafındakı səyləri, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi bir daha nümayiş etdirir ki, Azərbaycan bu baxımdan seçilir.
Trend xəbər verir ki, bunu UN-Habitat İcraiyyə Şurasının keçmiş katibi və Hökumətlərarası Əlaqələr Departamentinin rəhbəri Kristian Mensah "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) adlı tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, WUF13-də əlaqələndirilmiş və geniş təmsilçiliyə malik vətəndaş cəmiyyəti təmin edilməlidir.
"İlk dəfədir ki, Şəhərsalma Forumu çərçivəsində qlobal cənub QHT-ləri birgə tədbir keçirir. Bunun üçün 78 kvadratmetrlik pavilyon ayrılıb. Bu isə onların qlobal siyasətdə iştirakını təmin edir və inklüziv şəhərsalma proseslərində QHT-lərin rolunun artırılması deməkdir.Biz eyni zamanda təmsil olunmayan bölgələri də unutmamalıyıq. Qlobal cənub və qlobal şimal fərqləndirici amillərdir. Bəzən ölkələr inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr kimi bölünür. Bu baxımdan Azərbaycan hansı mövqedə dayanır? Azərbaycan kifayət qədər inkişaf edib və mühüm əməkdaşlıq platformasına çevrilib. Hikmət Hacıyevin də qeyd etdiyi kimi, əməkdaşlıq vacib məsələdir. QHT-lər və vətəndaş cəmiyyəti institutları proseslərdə aktiv iştirak etməli və geniş şəkildə təmsil olunmalıdır".
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
