Bakı. Trend:
2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Urbanizasiya sürətləndikcə iştirakçı idarəetmənin əhəmiyyəti daha da artır.
Trend xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub ofisinin rəhbəri Dima Al - Khatib "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) adlı tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, QHT-lər qeyri-rəsmi səviyyədə iqlimə uyğunlaşma tədbirləri, fəlakətlərə hazırlıq, rəqəmsal inklüzivlik kimi sahələrdə fəal iştirak edərək yaranan ehtiyacların erkən müəyyənləşdirilməsinə və inklüziv şəhər siyasətlərinin formalaşmasına töhfə verirlər:
"Bu baxımdan QHT-lər çox vaxt icmalarla institutlar arasında etibarlı vasitəçi rolunu oynayır. Onlar həm də diqqətdən kənarda qalan praktik həlləri üzə çıxarır və gündəmə gətirirlər.
UNESCO və UN-Habitat ilə əməkdaşlıq çərçivəsində biz irsin qorunması, iqlim tədbirləri, şəhər dayanıqlılığı və bərpa proseslərinə xüsusi diqqət yetiririk. Eyni zamanda, fəlakət riskinin azaldılması üzrə təlimlər təşkil olunur. Bu günə qədər 168 ölkədə və minlərlə icmada insanları əhatə edən təlimlər həyata keçirmişik. QHT-lərin bu ekosistemdə daha da aktiv rol oynamasına inanırıq. Dayanıqlı şəhərlər inklüzivlik, yerli sahibkarlıq və qarşılıqlı etimad üzərində qurulur. Şəhərlər dəyişiklik və innovasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilməlidir", o qeyd edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
