WUF13 çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya Forumu keçirilir

İqtisadiyyat Materials 19 May 2026 08:41 (UTC +04:00)
WUF13 çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya Forumu keçirilir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumu WUF13 çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya Forumu keçirilir.

Trend xəbər verir ki, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional qrup BMT-Habitat təşkilatı tərəfindən onun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (RoEECA) vasitəsilə regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində çağırılıb.

Qeyd edək ki, forumun ilk iki günü geniş tədbirlər proqramı ilə yadda qalıb. İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi də təşkil olunub.

Forumun ikinci günü isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu ətrafında hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti