Bakı.Trend:
Qazaxıstan beynəlxalq əməkdaşlıq platformaları vasitəsilə süni intellekt və rəqəmsallaşma sahəsində öz təcrübəsini bölüşməyə hazırdır.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda WUF13 çərçivəsində Liderlərin Sammitində çıxışında deyib.
Onun sözlərinə görə, Qazaxıstanın ən iddialı təşəbbüslərindən biri Almatı vilayətində yerləşən Alatau şəhərinin qabaqcıl şəhər inkişafı mərkəzinə çevrilməsidir. Ötən il ölkə süni intellektdən təhlükəsiz, şəffaf və insan yönümlü istifadəyə hüquqi baza yaradan “Süni intellekt haqqında” qanun qəbul edib.
“Biz 2026-cı ili rəqəmsallaşma və süni intellekt ili elan etdik ki, texnoloji transformasiya, müasir şəhərlərin inkişafı və onların idarə olunmasına yönəlmiş strateji xəttimizi vurğulayaq. Qazaxıstan rəqəmsal həllər və süni intellekt sahəsində öz təcrübəsini beynəlxalq əməkdaşlıq platformaları vasitəsilə, xüsusilə də bu yaxınlarda Almatıda yaradılmış BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) Dayanıqlı İnkişaf üçün Rəqəmsal Həllər Mərkəzi vasitəsilə bölüşməyə hazırdır”, - deyə o bildirib.
Oljas Bektenov qeyd edib ki, bu yaxınlarda referendum yolu ilə qəbul edilmiş Qazaxıstanın yeni Konstitusiyası ətraf mühitin qorunmasını fundamental dövlət dəyəri səviyyəsinə yüksəldir.
