Bakı. Trend:
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 20-də “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Trend xəbər verir ki, konfrans BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalacaq.
Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunacaq. Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri - gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edəcəklər.
Tədbirdə müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi, beynəlxalq həmrəyliyin real və effektiv platformalara çevrilməsi məsələləri müzakirə ediləcək. Eyni zamanda, gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı konkret, nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, mayın 19-da WUF 13 çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbir təşkil ediləcək. Tədbir çərçivəsində konfrans iştirakçıları müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirləri müzakirə edəcəklər.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
