Özbəkistan Prezidenti ağıllı və təhlükəsiz şəhərlərin beynəlxalq alyansını yaratmağı təklif edib

İqtisadiyyat Materials 18 May 2026 16:12 (UTC +04:00)
Özbəkistan Prezidenti ağıllı və təhlükəsiz şəhərlərin beynəlxalq alyansını yaratmağı təklif edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev texnologiyalar, standartlar və təcrübə üzrə sistemli mübadiləyə töhfə vermək məqsədilə ağıllı və təhlükəsiz şəhərlərin beynəlxalq alyansının yaradılmasını təklif edib.

Trend xəbər verir ki, dövlət başçısı bunu Bakıda keçirilən WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı deyib.

“Əhalinin bütün regionlarda bərabər yaşayış şəraiti ilə təmin olunması kiçik və orta şəhərlərin harmonik inkişafını tələb edir. Bu baxımdan tərəfdaş ölkələri balanslaşdırılmış urbanizasiya və şəhər inkişafı prinsipini geniş şəkildə tətbiq etməyə çağırıram”, - deyə Mirziyoyev bildirib.

Prezidentin sözlərinə görə, şəhər idarəçiliyi sahəsində süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlara bütün ölkələrin bərabər çıxışının təmin edilməsi son dərəcə vacibdir.

“Bu məqsədlə mən bu sahədə texnologiyalar, standartlar və təcrübə üzrə sistemli mübadiləyə töhvə vermək üçün ağıllı və təhlükəsiz şəhərlərin beynəlxalq alyansının yaradılmasını təklif edirəm. Həmçinin gənclərin və əhalinin həssas təbəqələrinin keyfiyyətli və əlçatan mənzillə təmin olunması olduqca vacibdir”, - deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti