Bakı.Trend:
Bu gün burada dayanaraq deyə bilərəm ki, 2050-ci ilə qədər dünya
əhalisinin 25 faizi Afrika qitəsində yaşayacaq.
Trend xəbər verir ki, bunu Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
“Əgər mənzil məsələsinin vacib və təcili olduğu bir yer varsa, bu bizim qitədir. Çünki dünya əhalisinin dörddə biri burada yaşayacaq. Həmin əhalinin 70 faizi isə şəhər mərkəzlərində məskunlaşacaq.Buna görə də mənzil məsələsi gələcəyin dünyasının necə görünəcəyini müəyyən edən əsas sütunlardan birinə çevrilir”.
Keniya prezidenti bildirib ki, məhz buna görə WUF13 çərçivəsində bu görüş olduqca vacibdir.
Uillyam Samoei Ruto əlavə edib ki, bu gün Keniyanın kifayət qədər söz haqqı, kifayət qədər imkanları yoxdur: “Paradoks ondadır ki, güzəştli maliyyəyə ən çox ehtiyacı olan ölkələr beynəlxalq bazarlara çıxarkən, buna ehtiyacı olmayan ölkələrdən daha yüksək ödəniş edirlər. Bu vəziyyət dəyişməlidir.
Məhz buna görə Afrika ölkələri olaraq biz qəti şəkildə hesab edirik ki, beynəlxalq maliyyə arxitekturasında islahat aparılmalıdır ki, o, müasir dövrün tələblərini əks etdirsin. Sonda isə başqa bir paradoksu da aradan qaldırmalıyıq. Afrika qitəsində yaşayan 1,5 milyard insan, BMT-nin ən böyük üzv qrupunu təşkil edən 55 Afrika ölkəsi BMT Təhlükəsizlik Şurasının ən yüksək qərarvermə orqanında təmsil olunmur. Daha böyük paradoks isə odur ki, BMT Təhlükəsizlik Şurasının gündəliyinin 60 faizi Afrika ilə bağlı məsələlərdən ibarətdir”.
O vurğulayıb ki, BMT-nin yaşaması naminə bu anomaliyanı aradan qaldıracaq islahatlar həyata keçirilməlidir.
“Ədalət təmin olunmalıdır ki, BMT və xüsusilə də BMT Təhlükəsizlik Şurası daha təmsilçi, daha demokratik olsun və Afrika qitəsinin xalqlarını da öz sıralarına daxil etsin. Məhz bu yolla biz bu günün problemlərini həll edə və daha yaxşı gələcəyin necə qurulacağını müəyyən edə bilərik. Bakıda isə bizim gələcəyin şəhərlərinə təsir etmək, onları dəyişdirmək, yaşamaq üçün əlverişli, dayanıqlı və hər kəs üçün yaxşı şəhərlərə çevirmək imkanımız var”.
