Özbəkistan Prezidenti UN-Habitat-ın "Yaşıl şəhər" beynəlxalq mükafatını təsis etməyi təklif edib

İqtisadiyyat Materials 18 May 2026 16:11 (UTC +04:00)
Özbəkistan Prezidenti UN-Habitat-ın "Yaşıl şəhər" beynəlxalq mükafatını təsis etməyi təklif edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev UN-Habitat-ın “Yaşıl şəhər” Beynəlxalq Mükafatının təsis edilməsini təklif edib.

Trend xəbər verir ki, o, bu barədə Bakıda WUF13 çərçivəsində liderlərin bəyanatı zamanı etdiyi çıxışda danışıb.

“Qlobal iqlim dəyişikliyi şəraitində “yaşıl” şəhərlərin yaradılması üçün ümumi prinsiplərin və standartların qəbul edilməsi getdikcə daha aktualllaşır. Təbiətlə harmoniya şəraitində inkişaf edən şəhərlərin təşviqi məqsədilə mən UN-Habitat-ın “Yaşıl şəhər” Beynəlxalq Mükafatının təsis edilməsini təklif edirəm”, - deyə Şavkat Mirziyoyev bildirib.

O, həmçinin qeyd edib ki, urbanizasiya səviyyəsinin artması şəhərlərdə ənənəvi yerli özünüidarəetmə strukturlarının rolunu daha da artırır.

“Bu baxımdan mən 2030-cu ildə Ümumdünya Şəhərsalma Forumunun 15-ci sessiyasının Yeni Daşkənddə keçirilməsini təklif edirəm. Forumun əsas mövzusu yerli icmaların şəhərlərin dayanıqlı inkişafındakı rolu olacaq”, - deyə Prezident bildirib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti