Serbiya və Azərbaycan enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq edəcək - Vuçiç

İqtisadiyyat Materials 18 May 2026 16:11 (UTC +04:00)
Serbiya və Azərbaycan enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq edəcək - Vuçiç
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç energetika və rəqəmsal texnologiyalar sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi planlarından danışıb.

Trend-in məlumatına görə, Serbiya Prezidenti bunu Bakıda keçirilən WUF13 çərçivəsində liderlərin bəyanatı zamanı çıxış edərkən deyib.

“Biz Azərbaycanlı dostlarımızla Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi üzrə əməkdaşlığı səbirsizliklə gözləyirik”, — deyə o bildirib.

Aleksandar Vuçiç “ağıllı şəhərlər”in inkişafı və əhalinin həddindən artıq sıxlığı, nəqliyyat tıxacları və tullantıların idarə olunması kimi problemlərinin həlli üçün texnologiyaların və süni intellektin tətbiqinin vacibliyini də qeyd edib.

“Texnologiyalar, rəqəmsallaşma və süni intellekt şəhərlərin gələcək inkişafında əsas rol oynaya bilər. “Ağıllı şəhərlər” - gələcəkdir”, — deyə o vurğulayıb.

Serbiya Prezidenti artıq pulsuz ictimai nəqliyyatın tətbiq olunduğu Belqrad təcrübəsinə diqqət çəkib və havanın çirklənməsinin azaldılması məqsədilə elektrobus parkının genişləndirilməsinin planlaşdırıldığını bildirib.

“Biz şəhər mobilliyi üzrə yeni yanaşmaları fəal şəkildə inkişaf etdiririk və birgə layihələrin həyata keçirilməsi üçün Azərbaycanın təcrübəsindən istifadə etmək istəyirik”, — deyə o əlavə edib.

Aleksandar Vuçiç vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq Serbiyaya energetika və şəhər infrastrukturunun idarə edilməsini təkmilləşdirməyə kömək edəcək rəqəmsal texnologiyalar və superkompüterləri də əhatə edəcək.

“Kraqevatsda iki müasir superkompüterimiz var, üçüncüsü isə tezliklə istismara veriləcək. Bu, şəhərlərin rəqəmsal idarə olunmasını yaxşılaşdırmağa və dayanıqlı enerji mənbələrinə keçidi sürətləndirməyə imkan verəcək”, — deyə o izah edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti