Bakı.Trend:
Qlobal mənzil böhranı beynəlxalq ictimaiyyət tərəfindən daha çevik, əlaqələndirilmiş və inklüziv tədbirlərin görülməsini tələb edir.
Trend xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılışına həsr olunmuş rəsmi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda təxminən 3 milyard insan qeyri-qənaətbəxş şəraitdə yaşayır, 1 milyarddan çox insan qeyri-rəsmi məskənlərdə və gecəqondularda məskunlaşıb, 300 milyondan çox insan isə evsizlik problemi ilə üzləşir.
O qeyd edib ki, söhbət ayrı-ayrı problemlərdən deyil, şəhərlərin maliyyələşdirilməsi, planlaşdırılması və idarə olunmasında mövcud struktur çatışmazlıqları əks etdirən sistemli qlobal böhrandan gedir.
“Bu, təkcə mənzil böhranı deyil. Bu, inklüzivlik, imkanlar, dayanıqlılıq və insan ləyaqəti böhranıdır. Mənzil başlanğıc nöqtəsidir, lakin həll yolu şəhərlərimizi necə planlaşdırdığımız, idarə etdiyimiz və onlara necə investisiya yatırdığımızdan asılıdır”, - deyə o bildirib.
O həmçinin vurğulayıb ki, WUF13 UN-Habitat tərəfindən indiyədək təşkil olunmuş ən böyük forumdur. Tədbirdə dövlət başçıları, nazirlər, merlər, BMT nümayəndələri, biznes, akademik dairələr və vətəndaş cəmiyyətinin təmsilçiləri daxil olmaqla, 182 ölkədən 40 mindən çox iştirakçı iştirak edir.
A.Rossbaxın sözlərinə görə, qlobal konsensusun güclənməsinə baxmayaraq, siyasi öhdəliklərlə onların icrası arasındakı fərq hələ də əhəmiyyətli olaraq qalır.
O vurğulayıb ki, WUF13 praktiki fəaliyyət platformasıdır və şəhərlərdə transformativ dəyişikliklərin təşviqinə yönəlmiş qlobal koalisiyanı bir araya gətirir.
"Forum çərçivəsində altı yüksək səviyyəli dialoq, tərəfdaşlar tərəfindən təşkil olunmuş 370-dən çox tədbir, həmçinin 130-dan artıq ekspozisiyanı əhatə edən Qlobal Şəhər Sərgisi nəzərdə tutulub.
Bundan əlavə, bu il təcrübə mübadiləsinin sürətləndirilməsi və həllərin genişmiqyaslı tətbiqinə yönəlmiş yeni təşəbbüslər, o cümlədən "Practices Hub", "WUF Academy", eləcə də "Startup Pavilion"u əhatə edən "Business and Innovation Hub" təqdim olunur", - o qeyd edib.
