Bakı. Trend:
Qlobal tənzimləmələr və yeni qaydalar hazırlanarkən elə bir infrastruktur qurulmamalıdır ki, sonradan cəmiyyətin aşağı gəlirli təbəqələri üçün nə əlçatan, nə də istifadəyə yararlı olsun. Bu proses paralel şəkildə inkişaf etməlidir.
Trend xəbər verir ki, bunu BMT Qlobal Sazişinin Azərbaycan üzrə meneceri Samir Məmmədov WUF13 çərçivəsində baş tutan “Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq” mövzusunda Biznes Assambleyası sessiyasında çıxışı zamanı deyib.
S.Məmmədov bildirib ki, dünyanın bu hissəsində geriyə qalan əsas məsələ tələbin formalaşmasıdır. Tənzimləyici qurumlar artıq vəziyyəti anlayır, biznes sektoru isə hazırlaşır. Bunun emosional məsuliyyət, yoxsa kommersiya maraqları səbəbindən baş verməsi ayrıca mövzudur. Amma biznes kifayət qədər sürətlə uyğunlaşır:
“Lakin düşünürəm ki, istifadəçi və istehlakçı tərəfi hələ bu mərhələyə çatmayıb. Əsas çatışmayan hissə də məhz budur. Biz bəzən elə düşünürük ki, hamı bu məsələləri anlayır, insanlar əlçatan, "yaşıl" və dayanıqlı mənzil gözləyir. Reallıq isə fərqlidir. Hətta terminologiyanın özü belə insanlar üçün əlçatan deyil.
Bu səbəbdən əsas diqqət yetirilməli sahələrdən biri icmaların maarifləndirilməsidir. İnsanlara hansı çağırışların mövcud olduğu, hansı dəyişikliklərin baş verdiyi və onları nələrin gözlədiyi izah edilməlidir. Tələbin idarə olunması formalaşdırılmalıdır.
Biznes nümayəndələri ilə danışanda onlar tez-tez “tələb yoxdur” deyirlər və açığını desək, tamamilə haqsız da deyillər. Ona görə də diqqət çəkilməli istiqamətlərdən biri icmaların, sadə vətəndaşların və son istifadəçilərin düşüncə tərzinin hazırlanmasıdır”.
S.Məmmədov vurğulayıb ki, xüsusilə Avrasiya regionunda daşınmaz əmlakın hissə-hissə ödəniş sistemi ilə alınması geniş yayılır:
“İlkin xərclərin azaldılması, uzunmüddətli texniki xidmət və kommunal xərclərin əhəmiyyəti hələ insanlara tam şəkildə izah olunmayıb və təqdim edilməyib.
Məncə, əsas sıçrayış məhz bu mərhələdə baş verəcək. Daha sonra siyasətçilər də öz növbəsində özəl sektora müraciət edərək məsləhətləşmələr aparacaqlar.
Məhz bundan sonra təbii proses işə düşəcək. Əks halda yalnız aktivistlərin və ya tənzimləyici qurumların bu yanaşmanı tətbiq etməyə çalışması kifayət etməyəcək”.
