Bakı.Trend:
Azərbaycan qlobal urbanizasiya və davamlı inkişaf proseslərində fəal iştirak edir.
Trend xəbər verir ki, bu fikirləri Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli WUF13 çərçivəsində Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının açılış sessiyasında deyib.
R.İsgəndərli bildirib ki, Milli QHT Forumu ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən çətir qurum kimi davamlı inkişaf, iqlim fəaliyyəti, sosial inklüzivlik, şəhər inkişafı və gənclərin iştirakı istiqamətlərində çalışan QHT-ləri bir araya gətirir.
“Azərbaycanda vətəndaşların dövlət siyasətində iştirak mexanizmləri “İctimai iştirakçılıq haqqında” qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, şəhərsalma proseslərində maraqlı tərəflər və yerli icmalar məlumatlandırılmalı, eyni zamanda onlarla məsləhətləşmələr aparılmalıdır”.
O, çıxışı zamanı son illərdə Azərbaycanda iştirakçı şəhərsalma yanaşmalarının əhəmiyyətinin artdığı da qeyd edib.
R.İsgəndərli bildirib ki, Bakı, Gəncə, Ağdam və işğaldan azad edilmiş ərazilərin Baş planlarının hazırlanması və müzakirəsi zamanı beynəlxalq ekspertlərin iştirakı ilə yerli icmaların prosesə cəlb olunması və ictimai rəyin öyrənilməsi istiqamətində addımlar atılıb.
