Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okean regionunda rəqəmsal inteqrasiyanın genişləndirilməsi məqsədilə yeni regional texniki yardım layihəsinə start verib.
Trend banka istinadən xəbər verir ki, “Asiya və Sakit Okean regionunda Regional Dayanıqlılıq, İnfrastruktur, Məlumat və Açıq Tənzimləmələr vasitəsilə Sərhədlərarası İmkanlar (CORRIDOR)” adlı təşəbbüs çərçivəsində Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə regional rəqəmsal dəhlizlərin yaradılması nəzərdə tutulur.
AİB tərəfindən yayımlanan texniki yardım hesabatına əsasən, layihə Asiya-Sakit Okean Rəqəmsal Magistralının (Asia-Pacific Digital Highway – APDH) əməliyyat mexanizmi kimi fəaliyyət göstərəcək. Təşəbbüsün əsas məqsədi 2035-ci ilədək 1,5 milyard insanı rəqəmsal bağlantı ilə əhatə etmək və 20 milyard dollarlıq strateji investisiyanın səfərbər edilməsinə şərait yaratmaqdır.
Layihədə Azərbaycanla yanaşı Banqladeş, Çin, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam iştirak edir.
Texniki yardım proqramı region ölkələri arasında iqtisadi artımın sürətləndirilməsi, dayanıqlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə rəqəmsal infrastrukturların inkişafına dəstək verəcək. Layihə çərçivəsində genişzolaqlı internet şəbəkələri, məlumat mərkəzləri, bulud xidmətləri və rəqəmsal ictimai infrastrukturun inkişafı əsas prioritetlərdən biri olacaq.
Bundan əlavə, layihə sərhədlərarası rəqəmsal xidmətlərin, ağıllı sərhəd sistemlərinin və rəqəmsal ticarətin inkişafını nəzərdə tutur. Bildirilir ki, məqsəd təchizat zəncirlərinin səmərəliliyini artırmaq, əməliyyatların fasiləsizliyini təmin etmək və region ölkələri arasında məlumat mübadiləsini sürətləndirməkdir.
AİB bildirir ki, təşəbbüs çərçivəsində süni intellekt əsaslı sistemlərin tətbiqi, kibertəhlükəsizlik, məlumatların idarə olunması və rəqəmsal qanunvericiliyin uyğunlaşdırılması istiqamətində də işlər görüləcək. Layihədə model qanunların hazırlanması, tənzimləyici “sandbox” mexanizmlərinin yaradılması və rəqəmsal ictimai infrastrukturun interoperabelliyinin təmin olunması planlaşdırılır.
Texniki yardım proqramı eyni zamanda mikro, kiçik və orta sahibkarlığın rəqəmsal iqtisadiyyata inteqrasiyasını təşviq etməyi, qadınların, gənclərin və həssas qrupların rəqəmsal imkanlara çıxışını genişləndirməyi hədəfləyir.
AİB qeyd edir ki, region ölkələri arasında rəqəmsal inkişaf səviyyəsinin fərqli olması, qeyri-bərabər infrastruktur regional inteqrasiyanın qarşısında əsas maneələrdəndir. Vurğulanır ki, layihə məhz bu boşluqların aradan qaldırılmasına, ortaq standartların formalaşdırılmasına və təhlükəsiz rəqəmsal ekosistemin yaradılmasına yönəlib.
Məlumata əsasən, CORRIDOR texniki yardım proqramı üç əsas istiqamət üzrə həyata keçiriləcək: 1) regional rəqəmsal dəhlizlərin arxitekturası və idarəetmə mexanizmlərinin hazırlanması; 2) rəqəmsal ictimai infrastruktur tətbiqlərinin və süni intellekt həllərinin inkişafı; 3) regional investisiya və siyasət uyğunluğu üzrə bilik mübadiləsi və institusional potensialın artırılması.
Layihə çərçivəsində sərhədlərarası məlumat axını, rəqəmsal identifikasiya sistemləri, rəqəmsal ödəniş infrastrukturu və təsdiqlənə bilən elektron sənəd sistemləri üzrə texniki və hüquqi çərçivələrin hazırlanması nəzərdə tutulur.
AİB hesab edir ki, fiber-optik xətlər, məlumat mərkəzləri, internet mübadilə nöqtələri və “yaşıl” data mərkəzlərinə yönələcək investisiyalar gələcəkdə özəl sektorun və qarışıq maliyyələşdirmə mexanizmlərinin cəlb olunmasına da təkan verəcək.
Layihənin ümumi texniki yardım büdcəsi 1 milyon ABŞ dolları təşkil edir. Bunun 700 min dolları regional rəqəmsal dəhlizlərin hazırlanmasına, 125 min dolları rəqəmsal ictimai infrastruktur və süni intellekt tətbiqlərinə, digər 125 min dolları isə potensialın artırılması və bilik paylaşımına yönəldiləcək.
Layihənin icrası 2026-cı ilin may ayından 2030-cu ilin aprel ayınadək davam edəcək. İcraedici qurum kimi AİB-nin Rəqəmsal Sektor Ofisi çıxış edəcək.
AİB vurğulayıb ki, təşəbbüs gələcəkdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN), Benqal Körfəzi Çoxtərəfli Texniki və İqtisadi Əməkdaşlıq Təşəbbüsü (BIMSTEC), Böyük Mekonq Altregionu (GMS), Cənubi Asiya Subregional İqtisadi Əməkdaşlıq Proqramı (SASEC) çərçivəsində yeni regional rəqəmsal investisiya layihələrinin hazırlanmasına və maliyyələşdirilməsinə zəmin yaradacaq.
Hesabatla daha ətraflı bu linkə keçid edərək tanış ola bilərsiniz.
