Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır.
Bunu İndoneziyanın Boqor şəhərinin meri Dedie Abdu Rachim WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, forumun təşkilat komitəsi tədbirin uğurlu keçirilməsi və dünyanın müxtəlif ölkələrindən geniş iştirakın təmin olunması istiqamətində böyük işlər görüb.
Dedie Abdu Rachim qeyd edib ki, məqsəd müxtəlif ölkələrin şəhərsalma təcrübələrini öyrənmək, eyni zamanda İndoneziya və xüsusilə Boqor şəhərinin təcrübəsini digər dövlətlərlə bölüşməkdir.
"Hazırda konkret memorandumların imzalanması nəzərdə tutulmasa da, gələcək əməkdaşlıqlar üçün imkanlar araşdırılır və ölkələr arasında təqdim olunan təcrübələrin uyğunlaşdırılması istiqamətində iş aparılır. Forumdan sonra əldə olunan bilik və təcrübələrin İndoneziyada, xüsusilə Boqor şəhərinin inkişaf planlarına inteqrasiya edilməsi planlaşdırılır", - mer əlavə edib.
