Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 16 May 2026 10:00 (UTC +04:00)
Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib.

Trend xəbər verir ki, “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində baş tutan forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov açılış mərasimində çıxışı zamanı türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazır olduqlarını bildirib.

"Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT qarşısında şərt qoyulur ki, layihələr müvafiq tərəfdaş ölkədə keçirilsin”, - Fuad Məmmədov əlavə edib.

"Türk sivilizasiyası dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiyadır. Bu xüsusda Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı xüsusi məna daşıdı, tarixi əhəmiyyətli sənəd oldu. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ yaradıb. Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində dünən keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə elan etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də bu ilin iyun ayında Bakıda keçiriləcək. Bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisə olacaq”, - deyə o vurğulayıb.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov öz növbəsində qeyd edib ki, türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması, təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran platforma qısa müddət ərzində iki-üç və çoxtərəfli tədbirlərin keçirilməsinə nail olub.

A.Allahverənov diqqətə çatdırıb ki, 2026-cı ilin noyabrınadək platformanın fəaliyyət spektrinin genişləndirilməsi üçün həm əməliyyat, həm də institusional səviyyədə bir sıra işlərin yerinə yetirilməsi, o cümlədən bu təsisatın hüquqi statusuna və inkişaf strategiyasına dair qərarların verilməsi nəzərdə tutulur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, 2025-ci ildə bütün türk dünyası üzrə ümumi daxili məhsul artıq 2,1 trilyon dolları ötüb.

Onun sözlərinə görə, bu göstərici bizi dünyanın ən güclü iqtisadi potensiala malik ilk 10 iqtisadi məkanı sırasına daxil edir.

V.Qasımlı xatırladıb ki, ötən il türk dövlətləri arasında ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub:

“Əhalimizin sayı artıq 180 milyona çatıb, ümumi ərazimiz isə 4,5 milyon kvadrat kilometrdir. Bu isə Avropa Birliyinin ərazisindən daha böyükdür.

Bu gün Türk Dövlətləri Təşkilatı dünya əhalisinin təxminən 1 faizini, dünya iqtisadiyyatının 2 faizini, dünya ticarətinin isə 3 faizdən çoxunu təmin edir”.

II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları da baş tutub.

Xatırladaq ki, TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu 2025-ci ilin 23-26 noyabr tarixlərində Bakı və Naxçıvanda keçirilib.

Məlumat üçün bildirək ki, 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti