TDT yeni geosiyasi reallıqlar fonunda daha təsirli əməkdaşlıq formatına çevrilməkdədir - Azər Qarayev

Siyasət Materials 16 May 2026 15:45 (UTC +04:00)
TDT yeni geosiyasi reallıqlar fonunda daha təsirli əməkdaşlıq formatına çevrilməkdədir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu sürətlə artır. Xüsusilə ortaq tarix, dil və mədəniyyətə malik xalqları bir araya gətirən birliklər geosiyasi və iqtisadi baxımdan daha dayanıqlı əməkdaşlıq modeli formalaşdırır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə təkcə mədəni-humanitar platforma deyil, həm də siyasi, iqtisadi, nəqliyyat və texnoloji əməkdaşlıq məkanı kimi diqqət çəkir. Türküstan şəhərində keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də təşkilatın gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm hadisələrdən biridir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Bu gün TDT artıq yalnız ortaq keçmişi paylaşan xalqların birliyi deyil, həm də ortaq maraqlar ətrafında formalaşan strateji əməkdaşlıq platformasıdır. Qlobal geosiyasi dəyişikliklər, enerji təhlükəsizliyi, logistika marşrutlarının yenidən formalaşması və rəqəmsal transformasiya türk dövlətləri arasında koordinasiyanı daha da vacib edir. Bu kontekstdə Azərbaycan təşkilat daxilində xüsusi çəkisi və təşəbbüsləri ilə seçilən ölkələrdən biridir.

Azərbaycan son illərdə TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın institusional güclənməsi və əməkdaşlıq gündəliyinin genişlənməsi müşahidə olunur. Təsadüfi deyil ki, TDT Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü məhz 2024-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirildi. Bu təşəbbüsün artıq ənənəyə çevrilməsi Azərbaycanın təşkilat daxilində aktiv rolunun göstəricisi hesab edilə bilər.

Prezident İlham Əliyevin Türküstandakı çıxışında vurğuladığı kimi: "Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir". Bu fikir hazırkı reallığı dəqiq əks etdirir. Çünki türk dövlətləri enerji, nəqliyyat və iqtisadi əlaqələr baxımından Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır. Xüsusilə Orta Dəhlizin aktuallaşması TDT ölkələrinin geoiqtisadi əhəmiyyətini daha da artırır", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə tranzit və logistika imkanları ilə əsas oyunçulardan biri kimi çıxış edir.

"Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq liman infrastrukturu, enerji və kommunikasiya layihələri Azərbaycanın türk dünyasını birləşdirən mərkəzə çevrilməsinə şərait yaradır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək". Bu yanaşma göstərir ki, Azərbaycan TDT-ni yalnız siyasi platforma kimi deyil, həm də real iqtisadi inteqrasiya mexanizmi kimi görür.

Bununla yanaşı, təşkilat daxilində əməkdaşlıq artıq ənənəvi sahələrlə məhdudlaşmır. Türküstan Zirvə görüşündə əsas diqqət çəkən istiqamətlərdən biri rəqəmsallaşma və süni intellekt oldu. XXI əsrin çağırışları fonunda texnoloji transformasiya türk dövlətlərinin gündəliyində mühüm yer tutur. Azərbaycanın bu istiqamətdə atdığı addımlar da diqqətəlayiqdir. Ölkədə Milli Süni İntellekt Mərkəzinin, Süni İntellekt Akademiyasının yaradılması və süni intellekt strategiyasının qəbul olunması Azərbaycanın yeni texnoloji mərhələyə keçid niyyətini göstərir.

Bu mənada TDT daxilində rəqəmsal əməkdaşlıq gələcək illərin əsas istiqamətlərindən biri ola bilər. Xüsusilə "Rəqəmsal İpək Yolu" layihəsi və Trans-Xəzər Fiber-Optik Kabel xəttinin istifadəyə verilməsi türk dövlətləri arasında rəqəmsal bağlantını gücləndirməklə yanaşı, regionun beynəlxalq kommunikasiya xəritəsində mövqeyini də möhkəmləndirəcək", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın TDT-dəki rolunu yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşdırmaq doğru olmazdı.

"Bakı həm də türk dünyasının mədəni və intellektual inteqrasiyası üçün platforma rolunu oynayır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, yaxın aylarda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkili Azərbaycanın beynəlxalq və regional təşəbbüslər arasında körpü rolunu bir daha nümayiş etdirir.

Aydındır ki, TDT yeni geosiyasi reallıqlar fonunda daha təsirli əməkdaşlıq formatına çevrilməkdədir. Bu prosesdə Azərbaycanın rolu isə təkcə iştirakçı ölkə statusu ilə məhdudlaşmır. Bakı həm siyasi təşəbbüsləri, həm nəqliyyat-logistika imkanları, həm də rəqəmsal və humanitar əməkdaşlıq istiqamətində irəli sürdüyü ideyalarla təşkilatın gələcək inkişafına töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir". Görünən odur ki, Azərbaycan bu məqsədin reallaşmasında aparıcı aktorlardan biri olmağa davam edir", - politoloq əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti