Bakı. Trend:
Son illər Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzu təkcə siyasi və iqtisadi göstəricilərlə deyil, həm də qlobal idarəçilik və şəhərsalma sahəsində ortaya qoyduğu praktik model ilə diqqət çəkir. Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha göstərir ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma siyasəti artıq regional çərçivəni aşaraq beynəlxalq miqyasda öyrənilən təcrübəyə çevrilməkdədir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Millət vəkili vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” və müasir urbanizasiya prinsiplərinə əsaslanan layihələrin həyata keçirilməsi Azərbaycanın şəhərsalma siyasətinə tamamilə yeni məzmun qazandırır:
“Məhz bu fonda Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə keçirdiyi görüş xüsusi siyasi və institusional əhəmiyyət daşıyır. Görüş zamanı Bakıda keçiriləcək WUF13 forumuna hazırlıq prosesinin və Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın müzakirə olunması təsadüfi deyil. Çünki Azərbaycan artıq beynəlxalq tədbirlərə sadəcə ev sahibliyi edən ölkə kimi deyil, qlobal idarəetmə və təşkilati koordinasiya baxımından yeni yanaşmalar təklif edən tərəf kimi qəbul edilir”.
Deputat bildirib ki, BMT tərəfindən WUF13-ün hazırlanması prosesində tətbiq olunan innovativ mexanizmlərin yüksək qiymətləndirilməsi də bunu təsdiqləyir:
“Əslində, COP29-dan sonra WUF13 kimi nüfuzlu qlobal forumun da Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq etimad kapitalının daha da gücləndiyini göstərir. Azərbaycan burada mühüm strateji xətt formalaşdırmağa nail olub. Yəni iqlim gündəliyi ilə urbanizasiya və dayanıqlı şəhər inkişafı məsələləri arasında əlaqə yaradılır. Bu yanaşma isə müasir dövrdə qlobal çağırışlara kompleks baxışın nümunəsi hesab oluna bilər”.
Onun sözlərinə görə, diqqət çəkən əsas məqamlardan biri də BMT-nin Azərbaycana göstərdiyi institusional etimaddır:
“UN-Habitat-a Azərbaycanın könüllü maliyyə dəstəyi, ölkədə mütəmadi təşkil olunan Milli Şəhərsalma Forumları və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar artıq beynəlxalq təşkilatlar tərəfindən müsbət nümunə kimi qiymətləndirilir. Bu, Azərbaycanın sadəcə iştirakçı deyil, eyni zamanda təşəbbüskar dövlət kimi çıxış etdiyini göstərir”.

V.Qafarov xüsusilə vurğulayıb ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu isə ayrıca diqqətə layiqdir:
“Bu sənəd WUF13-ün təşkili zamanı formalaşacaq idarəetmə modelinin gələcək forumlar üçün institusional baza rolunu oynaya biləcəyini ortaya qoyur. Başqa sözlə, “WUF13 Bakı standartları” gələcəkdə digər ölkələr üçün praktik təşkilati yol xəritəsinə çevrilə bilər. Bu isə Azərbaycanın artıq yalnız regional deyil, qlobal şəhərsalma idarəçiliyi müstəvisində də standart formalaşdıran aktorlardan birinə çevrildiyini göstərir”.
Parlamentarinin sözlərinə görə, bütün bunların fonunda aydın görünür ki, Azərbaycanın son illərdə böyük beynəlxalq tədbirləri uğurla təşkil etməsi təsadüfi deyil.
“Bu proses dövlət idarəçiliyində formalaşmış peşəkar koordinasiya mexanizminin, güclü siyasi iradənin və uzunmüddətli strateji baxışın nəticəsidir. Bu gün Bakı artıq təkcə regionun deyil, qlobal siyasi və humanitar dialoqun mühüm mərkəzlərindən biri kimi qəbul olunur. WUF13 forumu da Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən növbəti mühüm platformaya çevriləcək”, - deyə o fikrini yekunlaşdırıb.
