Bakı. Trend:
Azərbaycanda müasir şəhərsalma siyasəti çərçivəsində 79 şəhərdən 68-nin Baş planı yenilənib, qalan 11 şəhərin Baş planı isə hazırlanma mərhələsindədir.
Trend xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan müasir şəhərsalma yanaşmasının qabaqcıl nümunələrindən biridir. Bu model yığcam şəhər inkişafını, inteqrasiya olunmuş ictimai nəqliyyatı, şəhər regenerasiyasını və keyfiyyətli ictimai məkanların formalaşdırılmasını özündə birləşdirir.
Komitə sədri bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil təminatı layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Ümumi investisiyanın 2028-ci ilədək 18 milyard ABŞ dollarına çatacağı gözlənilir. Layihələr çərçivəsində “ağıllı infrastruktur”, bərpa olunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemləri tətbiq olunur.
Anar Quliyev vurğulayıb ki, yeni məkan planlaşdırılması sənədlərinə əsasən, region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən edilib. Qarabağın səmərəli bərpası məqsədilə xüsusi institusional idarəetmə mexanizmləri, o cümlədən Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb.
