Bakı. Trend:
Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərə malik türk xalqlarının vahid strateji platforma ətrafında birləşməsi artıq yalnız mədəni ideal yox, eyni zamanda mühüm geosiyasi zərurət kimi çıxış edir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Millət vəkilinin sözlərinə görə, müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarla inkişaf etməsi, ortaq siyasi iradənin formalaşması və qarşılıqlı strateji maraqların yaxınlaşması türk dünyasının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradır, türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mövqedə yerləşir:
“Bu coğrafiya Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi olmaqla yanaşı, enerji ehtiyatları baxımından da dünyanın ən mühüm regionlarından biridir. Azərbaycan, Qazaxıstan və Türkmənistanın zəngin enerji ehtiyatları, Türkiyənin tranzit-logistika imkanları, Orta Asiyanın geniş iqtisadi potensialı türk dünyasının beynəlxalq sistemdə rolunu daha da artırır. Xüsusilə son illərdə həyata keçirilən transmilli layihələr türk dövlətləri arasında inteqrasiyanın strateji mahiyyətini gücləndirib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz layihəsi yalnız iqtisadi təşəbbüs kimi yox, eyni zamanda türk dünyasının geosiyasi birliyinin praktik ifadəsi kimi qiymətləndirilə bilər. Bu layihələr Avrasiya məkanında yeni iqtisadi və siyasi düzənin formalaşmasına ciddi təsir göstərir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarından irəli gələn strateji yanaşmadır:
“Bu fikir türk dövlətlərinin yalnız mədəni yaxınlıq çərçivəsində əməkdaşlıq etməsini yox, eyni zamanda siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə vahid strateji mövqe formalaşdırmasını nəzərdə tutur. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, müasir dünyada ayrı-ayrı dövlətlərin qlobal rəqabət şəraitində təkbaşına böyük təsir imkanları məhdudlaşır. Buna görə ortaq maraqlar ətrafında birləşən regional güc mərkəzləri beynəlxalq münasibətlər sistemində daha mühüm rol oynayır. Türk dünyasının geniş coğrafiyası, enerji ehtiyatları, nəqliyyat imkanları, insan resursları və ortaq mədəni-siyasi potensialı isə belə bir güc mərkəzinin formalaşması üçün ciddi zəmin yaradır”.

S.Qurbanov əlavə edib ki, müasir beynəlxalq münasibətlər sistemində böyük dövlətlər və aparıcı siyasi güclər türk dünyasının artan geosiyasi, iqtisadi və strateji potensialını artıq daha aydın şəkildə görürlər:
“Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya, enerji resursları, tranzit imkanları və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərində oynadığı rol bu məkanı qlobal güc balansında mühüm aktorlardan birinə çevirir. Məhz buna görə bir çox dövlətlərin türk dünyası ilə münasibətlərini genişləndirməyə xüsusi maraq göstərməsi təsadüfi xarakter daşımır. Bu siyasət, eyni zamanda türk dünyasının gələcəkdə daha təşkilatlanmış və təsirli geosiyasi gücə çevriləcəyinə verilən strateji qiymətləndirmənin göstəricisidir”.
Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın və xüsusilə Prezident İlham Əliyev liderliyinin xüsusi əhəmiyyəti diqqət çəkir:
“Azərbaycan həm coğrafi mövqeyi, həm enerji siyasəti, həm də diplomatik fəaliyyəti ilə türk dünyasının inteqrasiya prosesində mühüm əlaqələndirici dövlətlərdən birinə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində Azərbaycan türk dövlətləri arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın dərinləşməsində aparıcı rol oynayır. Böyük dövlətlərin Azərbaycan ilə münasibətlərə xüsusi önəm verməsi yalnız ölkənin regional gücü ilə bağlı deyil, eyni zamanda Azərbaycanın türk dünyası daxilində artan təsir imkanları və Türk Dövlətləri Təşkilatı çərçivəsində malik olduğu strateji mövqeyi ilə də birbaşa əlaqədardır. Bu münasibətlər əslində türk dünyasının gələcəyinə, onun formalaşmaqda olan geosiyasi nüfuzuna və beynəlxalq sistemdə artan roluna hesablanmış uzunmüddətli siyasi yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Parlamentari qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq türk inteqrasiyasının institusional əsaslarını gücləndirir.
“Təşkilat artıq yalnız mədəni əməkdaşlıq platforması funksiyası daşımır, eyni zamanda regional və beynəlxalq məsələlərdə ortaq mövqe formalaşdıran siyasi institut kimi çıxış edir. Türk dövlətlərinin xarici siyasətdə qarşılıqlı dəstəyi, təhlükəsizlik sahəsində əməkdaşlığı, ortaq iqtisadi layihələrin genişləndirilməsi və vahid kommunikasiya strategiyalarının hazırlanması gələcək inteqrasiyanın əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, elm, təhsil, rəqəmsal texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi türk dünyasının qlobal rəqabət imkanlarını daha da artıracaq”, - deyə o fikrini yekunlaşdırıb.
