Bakı. Trend:
Biz türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq.
Trend xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun açılış mərasimində çıxış edərkən bildirib.
O, qrant müsabiqələri ilə bağlı təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə bu işi təşkil etməyə hazır olduqlarını deyib.
"Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT qarşısında şərt qoyulur ki, layihələr müvafiq tərəfdaş ölkədə keçirilsin”, - Fuad Məmmədov əlavə edib.
"Türk sivilizasiyası dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiyadır. Bu xüsusda Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı xüsusi məna daşıdı, tarixi əhəmiyyətli sənəd oldu. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ yaradıb. Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində dünən keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə elan etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də bu ilin iyun ayında Bakıda keçiriləcək. Bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisə olacaq”, - deyə o vurğulayıb.
