Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil” mövzusunda panel müzakirəsi keçirilib.
Trend xəbər verir ki, sessiya zamanı iştirakçılar mənzili insan hüququ və ləyaqətin, bərabərliyin, sosial mobilliyin əsaslarından biri kimi müzakirə ediblər.
Panel müzakirəsində mənzil sahəsində yoxsulluq və bərabərsizliyin effektiv şəkildə azaldılmasına imkan verən yanaşmalar, mənzil təminatı vasitəsilə yoxsulluğun azaldılması və prosesin sürətləndirilməsi üçün zəruri prioritet addımlar və tərəfdaşlıqlar, həmçinin hökumətlərin, xüsusilə qeyri-formal yaşayış məntəqələri və marjinallaşdırılmış ərazilərdə mənzil çatışmazlığı problemini necə həll edə biləcəyi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Tədbirdə Keyp-Taun Universiteti nəzdində fəaliyyət göstərən Afrika Şəhərlər Mərkəzinin təsisçi-direktoru Edqar Piterse, eləcə də Mərakeşin mənzil məsələləri üzrə dövlət katibi Adib Bin-Brahim, çıxış edib.
Qeyd edək ki, WUF13 17–22 may 2026-cı il tarixlərində UN-Habitat proqramı və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forumda müxtəlif ölkələrdən hökumət nümayəndələri, bələdiyyələr, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər, akademik ictimaiyyət və beynəlxalq təşkilatlar iştirak edirlər.
