Bakı.Trend:
Misir Azərbaycanla su təchizatı, sanitariya və mənzil tikintisi sahələrində əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
Bunu Trend-ə Bakıda keçirilən WUF13 çərçivəsində Misirin Mənzil-Kommunal Təsərrüfatı və Şəhər İcmaları Nazirliyinin Şəhər Təlimi və Araşdırmaları İnstitutunun direktoru Tariq Əl-Şeyx bildirib.
O, ilk növbədə forumun yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycan hökumətini təbrik edib və xatırladıb ki, əvvəlki Ümumdünya Şəhərsalma Forumu 2024-cü ildə Qahirədə keçirilib, daha sonra isə tədbirin keçirilməsi estafeti Azərbaycana ötürülüb.
“Azərbaycan hökumətini və forumu qəbul edən təşkilatları möhtəşəm təşkilatçılığa görə yüksək qiymətləndirirəm. Təqdim olunan sessiyaların müxtəlifliyi və keyfiyyəti xüsusilə təsir edicidir”, – deyə o vurğulayıb.
Misir nümayəndəsi bildirib ki, Bakının memarlığı, tarixi irsi və sakinlərin qonaqpərvərliyi onda dərin təəssürat yaradıb. Onun sözlərinə görə, forum çərçivəsində şəhər modelləşdirilməsi, ictimai məkanların idarə olunması, dayanıqlı nəqliyyat və gənclərin şəhər proseslərinə cəlb edilməsi sahələrində maraqlı təcrübələr təqdim olunur.
Tariq Əl-Şeyx əlavə edib ki, Azərbaycan və Misir arasında artıq müxtəlif əməkdaşlıq formaları mövcuddur və tərəflər onların daha da genişləndirilməsində maraqlıdırlar.
O vurğulayıb ki, xüsusilə Cənub–Cənub əməkdaşlığı çərçivəsində texniki təcrübə mübadiləsinin dərinləşdirilməsi, əsasən də su təchizatı, sanitariya və “hamı üçün mənzil” proqramı sahələrində əməkdaşlıq böyük maraq doğurur.
“Misirin müxtəlif səviyyələrdə təcrübəsi var. Düşünürəm ki, Azərbaycanın da öz effektiv modelləri və uğurlu təcrübələri mövcuddur. Bilik və təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər”, – deyə Misir nümayəndəsi qeyd edib.
