Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumu maraqlı tərəflər arasında qarşılıqlı fəaliyyət mexanizmidir.
Trend xəbər verir ki, bunu UN-Habitat təşkilatının icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən Yerli və Regional Hakimiyyət Orqanlarının Ümumdünya Assambleyasında bildirib.
Onun sözlərinə görə, yerli rəhbərlik WUF13 Ümumdünya Şəhərsalma Forumu çərçivəsində yenilənmiş çoxtərəfli yanaşmanı formalaşdırır.
Rossbax qeyd edib ki, bu Ümumdünya Şəhərsalma Forumu mənzil məsələlərinə həsr olunduğundan, mənzil siyasəti sahəsində yerli təşəbbüslərlə hazırlanmış həllərin qlobal portfeli toplanıb.
“Beləliklə, sizin dəstəyinizlə bu forum üçün yerli səviyyədə mənzil sahəsində təcrübələrin həqiqətən çox yaxşı toplusu və sistemləşdirilməsi hazırlanıb”, – deyə Rossbax bildirib.
O vurğulayıb ki, mənzil siyasəti məsələlərində ön sıralarda məhz yerli hakimiyyət orqanları dayanır.
“Çünki mənzil bahalıdır. Mənzil milli səviyyədə formalaşdırılan siyasət, investisiya və tənzimləmə tələb edir. Lakin nəticə etibarilə ön sırada məhz şəhərlər dayanır.
Buna görə də şəhərlər qeyri-formal yaşayış, evsizlik, əlçatan mənzil böhranı və digər problemlərlə üzləşirlər. Bütün çağırışlara, bəzi hallarda maliyyə çatışmazlığına və strukturlaşdırılmış çərçivənin olmamasına baxmayaraq, şəhərlərin mənzil sahəsində yenə də həll yolları tapdığını görmək çox ruhlandırıcıdır.
Mənim təcrübəm göstərir ki, bir çox hallarda bu koalisiyalar və assosiasiyalar sonradan belə həlləri milli siyasətə çevirirlər. Beləliklə, bu, ikitərəfli mübadilə prosesidir”, – deyə Rossbax əlavə edib.
