Bakı. Trend:
Uqanda WUF13 qərarlarının icrasına hökumətlərlə birgə dəstək verəcək.
Bunu Uqandanın Kampala şəhərində yerli idarəetmə üzrə şəhər administrasiyası komissarı Çarlz Maqumba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, forumda əsas məqsəd dünya üzrə insanların mənzil təminatı məsələsində tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsidir.
Komissarın sözlərinə görə, beynəlxalq ictimaiyyət insanların rifahı üçün şəhərsalma və yaşayış planlaması sahəsində birgə fəaliyyət göstərməlidir.
“Dünya bir araya gələrək insanların mənzil təminatı və düzgün şəhər planlaması barədə düşünməlidir ki, insanlar xoşbəxt yaşaya bilsinlər”, – deyə o vurğulayıb.
Çarlz Maqumba qeyd edib ki, forum çərçivəsində müxtəlif sessiyalar və nazirlərin çıxışları dinlənilir, həmçinin tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunur. O əlavə edib ki, məqsəd əldə olunan məlumat və təcrübələri dünya ictimaiyyətinə çatdırmaqdır.
Uqandalı rəsmi forumdan əsas gözləntilərinin ölkələrə qayıtdıqdan sonra hökumətlərlə birlikdə WUF13-ün qərar və təşəbbüslərinin icrasına dəstək vermək olduğunu bildirib.
