Bakı. Trend:
Azərbaycan sosial mənzil siyasətinin uğurlu modelini formalaşdırıb.
Bunu Türkiyənin Ətraf-mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Trend-ə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, həm Türkiyədə, həm də Azərbaycanda sosial mənzil sahəsində mühüm nəticələr əldə olunub.
Nazir müavininin sözlərinə görə, Türkiyədə bu günədək təxminən 1,75 milyon sosial mənzil inşa edilib, Azərbaycanda isə genişmiqyaslı layihələr Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vasitəsilə həyata keçirilir.
O vurğulayıb ki, hər iki ölkədə əsas diqqət aşağı gəlirli və daşınmaz əmlaka çıxışı məhdud olan vətəndaşların mənzillə təminatına yönəlib və bu siyasətin mərkəzində insan amili dayanır.
“Azərbaycan və Türkiyə sosial mənzil sahəsində bir çox ölkələrlə müqayisədə daha qabaqcıl mövqelərdədir və öz təcrübələrini digər dövlətlərlə bölüşməyə hazırdır”, – deyə o bildirib
Ömər Bulut həmçinin Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində uğurlu təcrübəsini qeyd edərək, COP29 və digər platformaların keçirilməsinin bu imkanların təsdiqi olduğunu vurğulayıb.
Bundan əlavə, o, Qarabağın bərpası çərçivəsində Azərbaycanla birgə həyata keçirilən layihələri yüksək qiymətləndirib.
