Bakı. Trend:
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması" adlı sessiyanın açılışı keçirilir.
Trend xəbər verir ki, açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə daim hazır olduğunu bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi, Azərbaycan postmünaqişə dövründə dayanıqlı bərpa modeli və insanyönümlü şəhər inkişafını təşviq edir:
"Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə davam etməyə hazırdır. İnanırıq ki, WUF13 çərçivəsində aparılan müzakirələr və əldə olunacaq nəticələr daha inklüziv, dayanıqlı və insanyönümlü şəhərlərin inkişafına töhfə verəcək", - o qeyd edib.
Bəhreynin mənzil və şəhərsalma naziri Amna bint Ahmed Al Rumaihi isə çıxışında bildirib ki, WUF13 təcrübə mübadiləsi, qlobal problemlər və onların həll yollarını öyrənə bilmək baxımdan olduqca önəmli bir platformadır.
Mavriki Respublikasının 6-cı və ilk qadın prezidenti Ameenah Gurib-Fakim isə çıxışında qadınların yaşadıqları mühitdə rollarının gücləndirilməsi vacibliyinə diqqət çəkib. O qeyd edib ki, qadınlar arasında sahibkarlığın təşviqi və bacarıqların artırılması üçün addımların gücləndirilməsi də önəmlidir.
BMT-nin Gürcüstandakı qadınlar üzrə nümayəndəsi və Cənubi Qafqaz
üzrə əlaqələndirici Kaori İşikava isə bildirib ki,
qadınlar üzləşdiyi çətinliklərlə kollektiv mübarizə
aparmalıdırlar:
"Qadınlar parlamentlərdə getdikcə daha çox yer alırlar. Amma reallıq budur ki, qadınlar siyasətdə və s. sahələrdə diskriminasiyaya məruz qalırlar. Bu onların mənzil təhlükəsizliyində də özünü göstərir. Biz adekvat mənzillə təmin olunmada ədalətin bərpasına nail olmalıyıq. Qadınlar qarşısında bu sahədə qeyri-bərabər gəlir və fürsətlər mövcuddur. Çalışmalıyıq ki, həm qadınların, həm də kişilərin istəklərini nəzərə alaq. Xüsusilə iqlim dəyişiklikləri fonunda mənzil təhlükəsizliyinə diqqət yetirilməlidir", - deyə o vurğulayıb.
