Ərazi yanaşması hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini tələb edir — Uruqvayın planlaşdırma üzrə direktoru

Cəmiyyət Materials 17 May 2026 18:07 (UTC +04:00)
Ərazi yanaşması hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini tələb edir — Uruqvayın planlaşdırma üzrə direktoru
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Ərazi yanaşması milli və yerli hakimiyyət orqanları arasında real qarşılıqlı fəaliyyət olduqda effektiv ola bilər.

Trend-in məlumatına görə, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən Yerli və Regional Hakimiyyət Orqanlarının Ümumdünya Assambleyasının "Yerli liderlik yenilənmiş çoxtərəfli yanaşmanı formalaşdırır" mövzusunda sessiyasında Uruqvayın Ərazi Planlaşdırılması üzrə Milli direktoru Paola Florio deyib.

"Əsl dəyişikliklər yerlərdə baş verir və milli sistemin tərkib hissəsi olan yerli hakimiyyət orqanları bir çox hallarda insanların həyatına birbaşa təsir edən dövlət siyasətini hazırlayır və həyata keçirirlər. Mənzil təminatına çıxış, bərabərsizlik, iqlim dəyişikliyi, şəhər mühitinin deqradasiyası, ətraf mühitin mühafizəsi və dayanıqlılıq kimi qarşılaşdığımız problemləri yalnız xarici və ya milli siyasətlə həll etmək mümkün deyil", — deyə o qeyd edib.

Onun sözlərinə görə, bu, idarəetmənin müxtəlif səviyyələrində kompleks və əlaqəli şəkildə icra tələb edir.

"Bu prosesdə ərazi planlaşdırılması mərkəzi mövqedə dayanır və hökumətin fəaliyyətinin mühüm hissəsinə çevrilib. Uruqvay üçün ərazi planlaşdırılması sadəcə texniki və ya normativ alət deyil. Bu, dayanıqlı inkişafa, bərabərsizliyin və ərazi disbalansının qarşısının alınmasına, habelə torpaq və resurslardan daha ədalətli və səmərəli istifadəyə yönəlmiş strateji dövlət siyasətidir. Bu, həmçinin mənzil siyasətinin uzlaşdırılması üçün fundamental alətdir", — deyə P.Florio bildirib.

O əlavə edib ki, Uruqvay təcrübəsi ərazi yanaşmasının yalnız milli və yerli hakimiyyət orqanları arasında real qarşılıqlı fəaliyyət, eləcə də sosial, akademik və humanitar strukturlarla düzgün koordinasiya olduqda effektiv ola biləcəyini göstərir.

"Bu cür qarşılıqlı fəaliyyət yalnız institusional bir niyyət olaraq qalmamalıdır. O, ərazilərin daha böyük dayanıqlılıqla planlaşdırılması, investisiya qoyulması və fəaliyyət göstərməsi üçün konkret alətə çevrilməlidir", — deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti