Bakı.Trend:
Bugünkü müzakirələr bir daha göstərdi ki, Yeni Şəhər Gündəliyi əvvəlki kimi aktual olaraq qalır.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü – Bağlanış Sessiyası”nda deyib.
WUF13 üzrə milli koordinatorun fikrincə, qəbul edilməsindən 10 il keçməsinə baxmayaraq, “New Urban Agenda” sənədi dövrümüzün ən aktual problemlərinin- bərabərsizlik, qeyri-kafi mənzil təminatı, qeyri-formal məskunlaşma, iqlim riskləri, infrastruktur çatışmazlıqları, məcburi köçürülmə, həmçinin daha inklüziv, məhsuldar və dayanıqlı şəhər inkişafına ehtiyac kimi məsələlərin həlli üçün ortaq çərçivə təqdim etməyə davam edir.
“Eyni zamanda, bugünkü müzakirələr növbəti onilliyin icra mərhələsi ilə xarakterizə olunmalı olduğunu da aydın şəkildə ortaya qoydu. Biz adekvat mənzil məsələsinin dayanıqlı şəhər inkişafının mərkəzində dayanmasının vacibliyi ilə bağlı güclü mesajlar eşitdik. Mənzilin torpaq, əsas xidmətlər, nəqliyyat, məşğulluq, ictimai məkanlar, maliyyələşmə və iqlim fəaliyyəti ilə əlaqələndirilməsinin əhəmiyyəti vurğulandı”.
A.Quliyev vurğulayıb ki, bu nazirlər görüşü təcrid olunmuş bir tədbir deyil. Bu, Bakıdan Nyu-Yorka aparan yolun, Ümumdünya Şəhərsalma Forumundan iyul ayında keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinin orta müddətli icmalına həsr olunmuş yüksək səviyyəli toplantısına gedən prosesin bir hissəsidir.
